Xəzər dənizi ciddi ekoloji böhranın astanasındadır, Xəzər suitisi isə yox olmaq təhlükəsi ilə üz-üzə qalıb.
News365.az xəbər verir ki, bu barədə İranın Gilan əyalətinin Ətraf Mühitin və Təbii Sərvətlərin Mühafizəsi İdarəsinin dəniz ekosisteminin qorunması şöbəsinin rəhbəri Abbas Aşuri bildirib.
Onun sözlərinə görə, Xəzər suitilərinin sayı dənizin çirklənməsi, qida bazasının azalması və iqlim dəyişiklikləri səbəbindən getdikcə azalır. Mütəxəssis vurğulayıb ki, Xəzərin yeganə yerli dəniz məməlisi hazırda ciddi təhlükə altındadır.
Ekoloji problemlər yalnız heyvanlar aləminə təsir göstərmir. Suyun səviyyəsinin azalması və su bioresurslarının tükənməsi İranın şimal sahillərində balıqçılar və turizm sektoru üçün də risklər yaradır.
Qurumun nümayəndəsi məişət tullantı sularına nəzarət tədbirlərinin də yetərli olmadığını qeyd edib. İranın şimal əyalətlərində şəhər kanalizasiya və çirkab sularının təmizlənməsi qurğularının tikintisi ilə bağlı bir sıra layihələr maliyyə çatışmazlığı səbəbindən başa çatdırılmayıb.
Onun qiymətləndirməsinə görə, təbiətin mühafizəsi tədbirləri gücləndirilməsə, Xəzər dənizindəki ekoloji vəziyyət ciddi iqtisadi və sosial nəticələrə səbəb ola bilər.