İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı son açıqlamaları Bakı-Tehran münasibətlərinin gələcəyi baxımından mühüm mesaj kimi qiymətləndirilir. Bu açıqlamaların iki ölkə arasında münasibətlərin normallaşması prosesini sürətləndirə biləcəyi ehtimal olunur. Lakin prosesin gələcək inkişafının İran hakimiyyəti daxilində müxtəlif siyasi mövqelərin münasibətindən asılı olacağı bildirilir.
Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib ki, Pezeşkianın Azərbaycanın mövqeyinə hörmətlə yanaşması müsbət haldır.

“Pezeşkianın Azərbaycanın mövqeyi ilə bağlı bu çıxışları həm onun, həm də bizim nöqteyi-nəzərimizdən reallığı əks etdirir. Yaxşı haldır ki, İranın qonşu ölkəsinin prezidenti Azərbaycanın haqqını saymır, əksinə, ona hörmətlə yanaşır.
Biz indiyə qədər dəfələrlə şahid olmuşuq ki, İranda müxtəlif dövlət rəsmiləri, prezidentlər və parlament səviyyəsində Azərbaycanın haqlı mövqeyinə şübhə ilə və ya yanlış şəkildə yanaşan fikirlər səsləndirilib. Bu baxımdan Pezeşkianın yanaşması müsbət qiymətləndirilməlidir.
Aydındır ki, Pezeşkianın bu açıqlamaları İran-Azərbaycan münasibətlərinin bundan sonrakı normallaşmasını daha da sürətləndirən amillərdən biri ola bilər. Biz bunun belə olacağına ümid edir və bunu arzulayırıq.
Amma bunun reallaşıb-reallaşmayacağı Pezeşkianın İran hakimiyyəti daxilində nə qədər önəmli söz sahibi olacağından, bu mövqeyini nə dərəcədə müdafiə edə biləcəyindən və hakimiyyət daxilində fərqli düşünən qüvvələrin proseslərə necə müdaxilə edəcəyindən asılı olacaq.
Hər bir ölkədə olduğu kimi, İranda da hakimiyyətdə tamamilə eyni düşünən vahid bir zümrə yoxdur. Hakimiyyət daxilində müxtəlif mövqelərə malik qüvvələr mövcuddur. Bəzi hallarda hakimiyyətin müxtəlif qanadları arasında fikir ayrılıqları da ortaya çıxa bilər. Məsələn, parlament başqa, icra hakimiyyəti başqa, prezident isə tamamilə fərqli mövqe nümayiş etdirə bilər.
İranda da biz Pezeşkianın timsalında Azərbaycanla münasibətlərə normal yanaşmanın şahidi oluruq. Lakin parlamentdə bunun əksinə mövqe nümayiş etdirən müəyyən şəxslər və qruplar da var.
Prezident İlham Əliyevin vaxtilə verdiyi açıqlama da bu baxımdan çox önəmlidir. Prezident bildirmişdi ki, biz İranla əlaqələrimizi seçilmiş hakimiyyətin münasibətlərinə uyğun şəkildə irəlilətməyə və qurmağa çalışırıq. Bu, çox mühüm yanaşmadır.
Pezeşkianın Prezident İlham Əliyevin açıqlamasına dərhal cavab verməsi və bunu sosial şəbəkə hesablarında paylaşması da əhəmiyyətli siqnaldır. Bu, İran prezidentinin Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirdiyini göstərən müsbət mesaj kimi qiymətləndirilə bilər”, – deyə Aydın Quliyev bildirib.