Bu gün təyin olunan səfirlər kimdir? - DOSYE

Bu gün təyin olunan səfirlər kimdir? - DOSYE
12:18

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə bir sıra səfir təyinatları reallaşıb. Belə ki, Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının İsveç Krallığında, Nərminə Mustafayeva isə Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

News365.az bu gün təyinatı baş tutan səfirlərin dosyelərini təqdim edir:

Elnur Sultanov

Elnur İxtiyar oğlu Sultanov 26 aprel 1978-ci ildə Bakı şəhərində anadan olub.

Ona 10 fevral 2012-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Həmin gün imzalanan digər sərəncamla Azərbaycanın Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2014-cü il mayın 23-də Prezidentin sərəncamı ilə iqamətgahı Braziliyanın paytaxtı Brasilia şəhərində olmaqla, Azərbaycanın Ekvador, Qayana və Surinamda da fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2015-ci il fevralın 23-də isə Trinidad və Tobaqoda da Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Beləliklə, Elnur Sultanov Braziliyadakı səfirliyi ilə yanaşı, Cənubi Amerikanın və Karib hövzəsinin bir sıra ölkələrində də Azərbaycanı diplomatik səviyyədə təmsil edib.
2021-ci il iyulun 26-da Azərbaycanın Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nərminə Mustafayeva

Nərminə Mustafayeva Azərbaycan Dövlət Dillər Universitetinin məzunudur. Eyni zamanda ABŞ-ın Virciniya ştatındakı Old Dominion Universitetində Beynəlxalq biliklər üzrə magistr dərəcəsi alıb.

O diplomatik fəaliyyətindən əvvəl jurnalistika sahəsində çalışıb. 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi fəaliyyət göstərib, “Xəbərçi” proqramının aparıcısı olub. Həmin dövrdə Nərminə Rüstəmova soyadı ilə tanınıb.

Daha sonra Prezident Administrasiyasının Protokol Xidmətində çalışıb. Diplomatik karyerasına başlamazdan əvvəl 15 ildən artıq Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətində fəaliyyət göstərib.

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub. Evlidir, üç övladı var.
İngilis, rus və türk dillərini bilir.

2020-ci ildə Azərbaycanın İstanbul şəhərində baş konsulu təyin olunan Nərminə Mustafayeva bu vəzifədə 6 ilə yaxın çalışıb.


Sizin reklam burada
Sizin reklam burada