Evli olmayanlar üçün valideyn olmaq şansı: Qanun nə deyir?

Evli olmayanlar üçün valideyn olmaq şansı: Qanun nə deyir?
11:33

Təkbaşına uşaq övladlığa götürmək mümkündürmü? – Vəkil açıqladı

Cəmiyyətdə yayılmış yanlış fərziyyələrdən biri də odur ki, övladlığa uşaq götürmək üçün mütləq rəsmi nikahda olmaq lazımdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi subay şəxslərə də valideyn olmaq imkanı yaradır.

Hüquqşünas Şəbnəm Tağıyeva News365.az-a bildirir ki, Ailə Məcəlləsinin müvafiq bəndləri həm kişilərin, həm də qadınların təkbaşına övladlığa uşaq götürməsinə hüquqi zəmin yaradır.

Vəkil bildirib ki, subay şəxslərin bu hüquqdan yararlanması üçün müəyyən yaş və yaş fərqi şərtləri mövcuddur:

  • Yaş həddi: Ailə Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, nikahda olmayan şəxs övladlığa uşaq götürmək istəyirsə, onun minimum 30 yaşı tamam olmalıdır. İstisna hallar yalnız ögey valideynlərə və uşağın yaxın qohumlarına (bacı-qardaş, nənə-baba, xala, bibi, dayı, əmi və onların övladları) şamil edilir.

  • Yaş fərqi: Eyni zamanda, Ailə Məcəlləsinin 121.2-ci maddəsinə görə, subay övladlığa götürən şəxslə uşaq arasındakı yaş fərqi ən azı 18 il təşkil etməlidir. Bununla belə, Məcəllənin 121.4-cü maddəsi məhkəməyə imkan verir ki, mühüm və üzrlü səbəblər olduqda bu yaş həddini və ya yaş fərqini azaldan qərar qəbul etsin.

Ş.Tağıyeva onu da vurğulayıb ki, qanunvericilik təkbaşına övladlığa götürməyə icazə versə də, nikahda olmayan iki şəxsin eyni uşağı birgə övladlığa götürməsini qəti şəkildə qadağan edir (Maddə 117.2). Yəni, uşaq ya bir nəfər subay şəxs tərəfindən, ya da rəsmi nikahı olan cütlük tərəfindən övladlığa götürülə bilsin.

Kimlər övladlığa götürən ola bilməz?

Prosesdə əsas meyar uşağın üstün mənafeyinin qorunmasıdır. Ailə Məcəlləsinin 120-ci maddəsinə əsasən, aşağıdakı kateqoriyaya aid şəxslərin övladlığa uşaq götürməsinə yol verilmir:

  1. Məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılanlar;

  2. Valideynlik hüquqlarından məhrum edilmiş və ya bu hüquqları məhdudlaşdırılmış şəxslər;

  3. Öhdəliklərini kobud şəkildə pozduğuna görə qəyyum və ya himayəçi vəzifəsindən uzaqlaşdırılanlar;

  4. Sağlamlıq vəziyyəti valideyn vəzifələrini icra etməyə imkan verməyən şəxslər;

  5. Qanunla müəyyən edilmiş gəlir səviyyəsinə cavab verməyənlər, məhkumluğu olanlar və ya barəsində cinayət təqibi davam edənlər.


Sizin reklam burada
Sizin reklam burada