Fransa Mərkəzi Afrika Respublikasındakı (MAR) səfiri Bruno Fuşeyə (Bruno Foucher) qarşı intizam icraatına başlayıb. 65 yaşlı diplomata qarşı rəsmi iqamətgahına onlarla qadın gətirməsi və bununla da təhlükəsizlik qaydalarını pozması ilə bağlı ittihamlar irəli sürülüb.
AFP-nin məlumatına görə, hadisə Fransanın keçmiş müstəmləkəsi olan MAR-da Rusiyanın artan nüfuzu fonunda Parisin Banqi ilə pisləşən münasibətləri bərpa etməyə çalışdığı bir dövrə təsadüf edir.
Fransanın "Le Canard enchaîné" həftəlik nəşri yazır ki, səfir 2024-cü ilin yanvarından 2026-cı ilin martına qədər olan müddətdə iqamətgahına yaşları 20-30 arasında dəyişən 30-a yaxın qadın gətirib. Onlardan bəzilərinin iqamətgahda gecələdiyi bildirilir. Bu görüşlər rəsmilər tərəfindən təhlükəsizlik rejiminin pozulması kimi qiymətləndirilib. Nəşrin əldə etdiyi yoxlama hesabatına görə, diplomata ayda təxminən 15 belə səfər olunub və o, hətta özü olmadığı vaxtlarda gənc qadınlardan birinin iqamətgahda qalmasına şərait yaradılması üçün heyətə təlimat verib. Səfir iki gənc qadınla cinsi əlaqədə olduğunu etiraf edib.
Fransa Xarici İşlər Nazirliyindən AFP-yə bildirilib ki, aprel ayında Banqidə keçirilən xidməti yoxlamanın nəticələrinə əsasən nazirin tələbi ilə səfirə qarşı intizam icraatına başlanılıb və hazırda proses davam edir.
2023-cü ildən MAR-da səfir kimi fəaliyyət göstərən Bruno Fuşey təcrübəli diplomatdır. O, daha əvvəl Tehranda (2011–2016) və Çadda (2006–2011) səfir vəzifələrində çalışıb.