Kreditlər zəifləyir, risklər qalır – “Express Bank”ın real mənzərəsi

Kreditlər zəifləyir, risklər qalır – “Express Bank”ın real mənzərəsi
17:44
Express Bank" bir neçə gün əvvəl bu ilin I rübünə aid hesabatını açıqlayıb. Hesabat ilk baxışdan bankın müsbət göstəricilərinin olduğu görüntüsü yaratsa da, aparılan analiz əslində vəziyyətin o qədər də ürəkaçan olmadığını deməyə əsas verir.

News365.az xəbər verir ki, AFN.az-ın xəbərinə görə, ötən ilin sonu ilə müqayisədə bankın depozit portfeli 311.4 milyon manatdan 307.9 milyon manata düşüb. Xüsusilə hüquqi şəxslərin depozitlərinin 51.7 milyon manatdan 36.2 milyon manata (təxminən 30% azalma) enməsi bankın korporativ müştərilər üçün cəlbediciliyinin azaldığını və ya böyük vəsait çıxışının olduğunu göstərir.

Bankın depozit portfeli azaldığı halda, bu depozitlər üzrə faiz xərcləri 4.2 milyon manatdan 6.1 milyon manata yüksəlib. Bu, bankın bazarda likvidliyi saxlamaq üçün daha baha vəsait cəlb etməyə məcbur qaldığına işarə edir.

Cəmi aktivlərin 666.7 milyon manatdan 661.9 milyon manata düşməsi ilə yanaşı, müştərilərə verilən kreditlərin həcmində də azalma (549.7 milyondan 546.5 milyona) var. Mütəxəssislərə görə, bazarın böyüdüyü bir şəraitdə kreditləşmənin zəifləməsi rəqabətə davamlılıq baxımından suallar yaradır.

Kredit portfelinin 5.82%-i (31.8 milyon manat) qeyri-standart statusundadır. Vaxtı keçmiş kreditlərin əsas hissəsinin (8.6 milyon manat) məhz istehlak kreditlərinə aid olması, pərakəndə sektordakı risklərin hələ də yüksək olduğunu göstərir. Başqa sözlə, bankın verdiyi hər 100 manatlıq kreditin təxminən 6 manatının geri ödənişində ciddi problemlər və ya gecikmələr yaşanır.

Bir sözlə, "Express Bank" mənfəətliliyini qorusa da, depozit bazasının kiçilməsi və vəsaitlərin bahalaşması fonunda aktivlərin idarə edilməsində daha çevik strategiyaya ehtiyac duyur

Sizin reklam burada
Sizin reklam burada