Müasir dövrdə hərbi kəşfiyyat və diversiya əməliyyatlarının əvvəlki illərdəki üsullarla həyata keçirilməsi real görünmür. Azərbaycanın peşəkar kəşfiyyat bölmələri, Xüsusi Təyinatlı Qüvvələri və Komando briqadaları bu istiqamətdə xüsusi tapşırıqları yerinə yetirmək imkanına malikdir. Ermənistan rəhbərliyinin son addımlarının arxasında isə hərbi məsələlərdən daha çox siyasi və geosiyasi hesablamalar dayanır.
Bunu Hərbi ekspert Səxavət Məmməd News365.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, müasir hərbi əməliyyatların xarakteri dəyişib və tək bir əsgərin qarşı tərəfə kəşfiyyat və ya diversiya məqsədilə göndərilməsi cəhdi artıq köhnəlmiş yanaşma hesab olunur.
Ekspert bildirib ki, bu cür üsullar 1990-cı illərdə tətbiq oluna bilərdi. Hazırda Azərbaycan Ordusunun peşəkar kəşfiyyat bölmələri, Xüsusi Təyinatlı Qüvvələri və Komando briqadaları mövcuddur. Belə tapşırıqların icrası da məhz bu strukturların səlahiyyətinə daxildir.
Səxavət Məmməd Ermənistanın siyasi davranışlarını şərh edərkən diqqəti İrəvanın Azərbaycanla münasibətlərdə mümkün təzyiq vasitələrini qoruyub saxlamaq istəyinə yönəldib.
Hərbi ekspertin fikrincə, rəsmi Bakının Ermənistana qarşı istifadə edə biləcəyi müəyyən siyasi və hüquqi rıçaqlar mövcuddur. O, Bakıda həbsdə olan erməni əsilli şəxsləri və erməni kilsəsinin Azərbaycana qarşı irəli sürdüyü iddiaları da mövcud proseslərin kontekstində dəyərləndirib.
Ekspert hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh gündəliyini önə çəksə də, eyni zamanda gələcəkdə yarana biləcək vəziyyətlərdə Azərbaycanın qarşısında müəyyən təsir imkanlarına sahib olmağa çalışır.
Səxavət Məmməd Paşinyanın erməni hərbçilərinin mümkün sərhədkeçmə halları ilə bağlı bəyanatlarına da münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin gələcəkdə Azərbaycan tərəfə keçə biləcək hərbçilərin dəyişdirilməsi məsələsini gündəmə gətirməsi İrəvanın əvvəlcədən müəyyən siyasi imkanlar formalaşdırmaq niyyətindən xəbər verə bilər.
Hərbi ekspert xatırladıb ki, mürəkkəb dağlıq relyef və dumanlı hava şəraiti sərhəd bölgələrində istiqamətin itirilməsi hallarına səbəb ola bilər. Belə vəziyyətlərdə hərbçilərin qarşı tərəfin ərazisinə keçməsi ehtimalı istisna edilmir.
Onun fikrincə, analoji hal baş verərsə, Azərbaycan tərəfi də sərhədi keçən və ya insident törədən Ermənistan hərbçilərini saxlamaq imkanına malikdir.
Səxavət Məmmədin qənaətinə görə, Ermənistanın bu məsələyə yanaşması yalnız mümkün sərhəd insidentləri ilə məhdudlaşmır, həm də iki ölkə arasında davam edən siyasi proseslərdə mövqelərin möhkəmləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər.