İnsan tarix boyu saysız-hesabsız müharibələr görüb. Şəhərlər yanıb, imperiyalar dağılıb, milyonlarla insan həlak olub. Amma tarixçilərin çoxu bir həqiqəti etiraf edir ki, ən təhlükəli savaş insanın içində başlayan savaşdır. Çünki xarici düşmən insanı bir dəfə məhv edər, daxilində böyüyən qaranlıq isə onu hər gün yavaş-yavaş parçalayar. Bəzən insan illərlə içində görünməz bir od daşıyır. O od nə qədər gizlənsə də, sahibini yandırmağa davam edir. İnsan gecələr rahat yata bilmir, başqalarının uğuruna sevinə bilmir, daim keçmişdə yaşadığı hadisələri beynində təkrar-təkrar canlandırır. Fərqinə varmır ki, artıq həyatını yaşamır, sadəcə keçmişin kölgəsində sürünür. Ən faciəlisi isə budur ki, qarşı tərəf çoxdan həyatına davam edib, amma insan öz ruhunu illərlə eyni zindanda saxlayır. Qədim yunan filosoflarından biri belə deyirdi: “Qəzəb tutduğun insanı deyil, əvvəlcə səni əsir alır.” Bu söz min illər keçsə də dəyişməyib. Çünki insanın daxilində saxladığı mənfi hisslər zamanla onun düşüncə tərzini dəyişir. Bir müddət sonra o insan dünyaya artıq saf gözlə baxa bilmir. Hər yerdə xəyanət, saxtakarlıq və pislik görməyə başlayır. Çünki insanın daxilində nə varsa, bir müddət sonra gözləri də dünyanı elə görür. Psixologiyada çox maraqlı bir anlayış var: “emosional zəhərlənmə”. Alimlər müşahidə ediblər ki, insan uzun müddət qəzəb, nifrət və mənfi duyğular içində yaşayanda beynində stress hormonları artır. Bu isə ürək xəstəliklərindən tutmuş yuxu pozğunluğuna, depressiyaya və hətta immun sisteminin zəifləməsinə qədər təsir göstərir. Yəni insan bəzən ruhunda daşıdığı yükün ağrısını illər sonra bədənində hiss edir. Elə buna görə bəzi insanların üzündə qəribə bir yorğunluq olur. Çünki insanı ən çox işləmək yox, daxilində daşıdığı qaranlıq yorur. Bir çox hökümdarlar intiqam hissi ilə hərəkət etdikləri üçün öz imperiyalarını məhv ediblər. Roma imperatorlarından bəziləri şübhə və nifrət səbəbindən ən yaxın adamlarını belə öldürdülər. Nəticədə tənha qaldılar və öz qorxularının qurbanına çevrildilər. Çingiz xan kimi sərt hökümdarlar belə ölüm yatağında dünyanın faniliyindən danışırdı. Çünki insan nə qədər güclü olsa da, daxilində rahatlıq yoxdursa, bütün hakimiyyəti mənasızlaşır. İslamda, xristianlıqda, buddizmdə və digər inanc sistemlərində insanın qəlbini təmiz saxlamaq ən böyük mənəvi dəyərlərdən biri hesab olunur. Çünki qəlb bir güzgü kimidir. O güzgü nə qədər qaranlıqla örtülsə, insan həqiqəti bir o qədər çətin görər. Quranda insanın daxilindəki qəzəbin və təkəbbürün onu korlaşdırdığına işarələr var. Budda isə deyirdi: “Qəzəb içmək istədiyin zəhəri başqasının ölməsi ümidi ilə içməyə bənzəyir.” Bu fikir əsrlər keçsə də insan psixologiyasını tam dəqiqliklə izah edir. Ən maraqlı həqiqətlərdən biri budur ki, insanın ruhu kin və nifrət hissini uzun müddət daşımağa uyğun yaradılmayıb. İnsan sevməyə, ümid etməyə, bağışlamağa daha yaxın bir varlıqdır. Ona görə də qəlbində qaranlıq böyüdən insanlar zamanla həyatdan zövq ala bilmirlər. Günəş doğur, amma onlar işıq hiss etmirlər. Ətraflarında insanlar gülür, amma onlar daxilən boşluq yaşayırlar. Çünki insanın daxilində sülh yoxdursa, dünyanın ən gözəl yerində yaşasa belə xoşbəxt ola bilməz. Fəlsəfədə belə bir fikir var: “İnsan yaddaşının dustağına çevrilə bilər.” Keçmişdə yaşanmış bir hadisə bəzən insanın bütün gələcəyini idarə edir. Halbuki həyat daim axır. Təbiət belə heç vaxt olduğu yerdə qalmır. Çay axır, fəsillər dəyişir, ağaclar quruyur və yenidən çiçək açır. Təbiətin özü belə insana deyir ki, həyatda hər şey dəyişmək üçün yaradılıb. Amma insan bəzən öz ağrısını müqəddəsləşdirir və onu buraxmaq istəmir.
Əsl güc bağırmaqda, dağıtmaqda və ya intiqam almaqda deyil. Əsl güc insanın daxilindəki qaranlığa qalib gəlməsindədir. Çünki ən çətin savaş insanın öz nəfsi ilə etdiyi savaşdır. Tarixdə milyonlarla insan öldürən hökümdarlar olub, amma öz qəzəbinə qalib gələn insanlar daha az tapılıb. Müsbət düşüncə sadəcə motivasiya cümləsi deyil. Bu, insanın həyata baxışıdır. Beyin daim hansı duyğularla qidalanırsa, insanın taleyi də zamanla ona uyğun formalaşır. Ümidlə yaşayan insan çətinliklər içində belə yol tapır. Daim qaranlıq düşünən insan isə açıq qapının qarşısında belə çıxış yolu görə bilmir. Bəzi insanlar düşünür ki, bağışlamaq zəiflikdir. Halbuki bağışlamaq bəzən insanın öz ruhunu azad etməsidir. Çünki bağışlamamaq insanı keçmişə zəncirləyir. İnsan illərlə bir hadisənin əsiri kimi yaşayır. Amma daxilindəki yükü yerə qoyduğu an qəribə bir yüngüllük hiss edir. Elə bil ruhu illər sonra nəfəs almağa başlayır.
Bir gün hamımız bu dünyadan gedəcəyik. Nə qəzəbimiz qalacaq, nə davalarımız, nə də içimizdə böyütdüyümüz nifrət. İnsanlardan geriyə sadəcə davranışları, qırdığı qəlblər və ya sağaltdığı yaralar qalacaq. Həyat isə çox qəribədir — insan bəzən illərlə nifrət etdiyi şeyə çevrildiyini çox gec anlayır. Ona görə də insan ruhunu qaranlıqla yox, işıqla qidalandırmalıdır. Çünki dünyada ən ağır yük daşdan yox, insanın qəlbində daşıdığı görünməz hisslərdən ibarətdir. Və bəzi insanlar yaşadıqları hadisələrə görə yox, həmin hadisələri içlərində illərlə yaşatdıqları üçün məhv olurlar.
Həsən Nağıyev, filosof