Bir cəmiyyətin gələcəyini məhv edən əsas şey düşüncənin ölməsidir

Bir cəmiyyətin gələcəyini məhv edən əsas şey düşüncənin ölməsidir
09:28
Jurnalist Azər Həsrət deyir ki, “İslam dini Türk millətinin başına gəlmiş ən dəhşətli bəladır” Bununla yanaşı qeyd edir ki, “sünnülər baş örtüyü məsələsində özlərini ərəblərə oxşadırlar, şiələr isə farslara”
Tarixə diqqətlə baxın. Dünyanın ən böyük faciələrinin arxasında həmişə eyni psixologiya dayanıb: kor itaət edən insan zehniyyəti. Bəzən bu itaət din adı altında olub, bəzən ideologiya, bəzən millətçilik, bəzən də “azadlıq” şüarları altında. Amma nəticə dəyişməyib — düşünməyən insan hər dövrdə bir başqasının silahına çevrilib. İnsanlıq tarixində maraqlı bir paradoks var: insan həm mələk olmaq potensialına sahibdir, həm də canavar olmaq potensialına. Eyni insan bir uşağı aclıqdan xilas edə bilər, eyni insan milyonlarla insanın ölümünə səbəb olan müharibəyə dəstək verə bilər. Fərqi yaradan şey isə insanın daxilindəki vicdan ilə fanatizm arasındakı mübarizədir. Dinlər tarix boyu insanın içindəki vəhşiliyi nəzarətdə saxlamaq üçün ortaya çıxmış mənəvi sistemlərdən biri olub. Çünki insan sadəcə qanunla idarə olunan varlıq deyil. Tarix sübut edib ki, polis olmayan yerdə insanı dayandıran ən böyük qüvvə vicdandır. Vicdanı olmayan insan isə ən inkişaf etmiş texnologiyanı belə məhv alətinə çevirə bilər. 20-əsrə baxın. İnsanlıq texnologiyada zirvəyə yaxınlaşdığı dövrdə eyni zamanda ən qanlı savaşlarını yaşadı. Birinci və İkinci Dünya Müharibələrində milyonlarla insan öldürüldü. Maraqlıdır ki, bu qırğınların əksəriyyəti dini dövlətlər tərəfindən yox, modern ideologiyalar tərəfindən həyata keçirildi. Faşizm, nasizm, totalitar kommunizm — bunların heç biri dini sistem deyildi. Amma milyonlarla insanın qanına girdilər. Qeyd etdiyim faktlar bizə çox vacib həqiqəti göstərir ki, problem təkcə din deyil. Problem insanın daxilindəki hakimiyyət ehtirasıdır. Əgər insanın içində mərhəmət və vicdan yoxdursa, o insan dini də silaha çevirər, ateizmi də, millətçiliyi də, demokratiyanı da. Tarixdə din adı altında edilən səhvləri heç kim inkar edə bilməz. Amma bir məsələni də unutmaq olmaz: dini manipulyasiya edənlə dinin özü eyni şey deyil. Orta əsrlərdə Avropada inkvizisiya insanları yandırırdı, amma bu, bütün xristianlığın mahiyyəti deyildi. Eyni şəkildə bəzi fanatik qrupların davranışını bütöv İslamın üstünə yıxmaq da ədalətli yanaşma deyil. Əslində insanlar çox vaxt dini yox, din adı altında qurulan siyasi hegemonluqları görürlər. Çünki tarix boyu bəzi imperiyalar dini sadəcə inanc kimi deyil, təsir vasitəsi kimi istifadə ediblər. Ərəb imperiyaları öz mədəniyyətini yaymağa çalışıb, fars imperiyaları öz təsir dairəsini genişləndirib. Zaman keçdikcə bir çox insanlar din ilə həmin mədəni dominantlığı bir-birinə qarışdırmağa başlayıb. Halbuki din başqa, etnik hegemonluq başqadır.
Bir insan öz inancını yaşaya-yaşaya milli kimliyini də qoruya bilər. Türk tarixində bunun saysız nümunələri var. Əhməd Yəsəvi türk dilində hikmətlər yazırdı. Yunus Əmrə insan sevgisini ilahi mərhəmətlə birləşdirirdi. Nizami Gəncəvi əsərlərində həm mənəviyyatı, həm də ağlı ön plana çəkirdi. Osmanlı memarlığı təkcə dini simvol deyildi o, həm də estetik zəkanın zirvəsi idi. Əgər bir din bir milləti tamamilə məhv edən qüvvə olsaydı, o millət yüz illərlə dünyanın ən güclü dövlətlərini qura bilməzdi. Psixologiyada maraqlı anlayış var: “aidiyyət ehtiyacı.” İnsan tək qalmaqdan qorxur. Buna görə də özünü hansısa qrupa aid etmək istəyir. Din də, ideologiya da, millətçilik də bu ehtiyacın üzərində qurulur. Problem o zaman başlayır ki, insan aid olduğu qrupu həqiqətin özündən üstün tutmağa başlayır. Həmin anda ağıl dayanır, fanatizm başlayır. Fanatik insan düşünmür, sadəcə müdafiə edir. Çünki onun üçün həqiqət yox, mənsub olduğu tərəf önəmlidir. Tarixdə ən qorxulu insanlar savadsızlar yox, düşünməyi dayandırmış fanatiklər olub. Məhz buna görə Quranda ən çox vurğulanan anlayışlardan biri “ağıl etmək”dir. Çünki düşünməyən insanın inancı təhlükəli ola bilər. Düşüncəsiz müqəddəslik insanı qəddarlaşdırır. İnsan özünü “haqlı” hesab etdikcə başqalarına zülm etməyə başlayır. Bəşər tarixində ən təhlükəli cümlələrdən biri budur: “Mən mütləq doğruyam.” Çünki insan özünü tam doğru hesab etdiyi anda vicdanını itirməyə başlayır.
Bu gün dünyada bir çox insan dinə qarşı qəzəblidir. Amma həmin qəzəbin böyük hissəsi əslində Tanrıya yox, din adı altında qurulan riyakarlığadır. İnsanlar illərlə mərhəmətdən danışıb nifrət yayanları gördülər. Ədalətdən danışıb haqsızlıq edənləri gördülər. Təvazökarlıqdan danışıb hakimiyyət hərisliyi yaşayanları gördülər. Nəticədə din ilə riyakarlıq bir-birinə qarışdı. Halbuki hər ideyanın iki üzü var: biri insanı yüksəldən, biri isə onu alçaldan. Atom enerjisi şəhərlərə işıq verə bilər, eyni enerji Hiroşimanı məhv edə bilər. Sosial media insanları maarifləndirə bilər, eyni zamanda nifrət maşınına çevrilə bilər. Din də belədir. İnsanın əlində ya vicdan məktəbi olar, ya da manipulyasiya silahı. Ən böyük problem isə budur ki, insanlar çox vaxt düşünməyi yorucu hesab edir. Çünki düşünmək məsuliyyət tələb edir. Kor-koranə inanmaq daha rahatdır. Bir liderin, bir mollanın, bir ideoloqun dediyini qəbul etmək insanı daxili məsuliyyətdən azad edir. Buna görə də tarix boyu diktatorlar düşünən insanlardan qorxublar. Çünki düşünən insan idarə olunmur. Socrates zəhərləndi, çünki insanlara düşünməyi öyrədirdi. Galileo təqib olundu, çünki həqiqəti söylədi. Nəsimi diri-diri soyuldu, çünki insanın içində ilahi dəyər olduğunu dedi. Hallac Mənsur edam edildi, çünki həqiqəti qorxmadan səsləndirdi. Tarix göstərir ki, fanatizm yalnız din daxilində olmur, fanatizm hər yerdə azad düşüncənin düşmənidir.
Bir cəmiyyətin gələcəyini məhv edən əsas şey din deyil, düşüncənin ölməsidir. Çünki düşüncə öldükdə insan ya kor fanatik olur, ya da mənəvi boşluğa düşür. Mənəvi boşluğa düşən cəmiyyətlər isə bir müddət sonra yalnız maddiyyat üzərində yaşamağa başlayırlar. Maddiyyat isə insan ruhunu doyurmur. Bu gün inkişaf etmiş ölkələrdə belə depressiyanın, tənhalığın və intiharların artması təsadüfi deyil. İnsan texnologiya ilə rahatlıq tapa bilir, amma mənanı tapa bilmir. İnsan sadəcə çörəklə yaşamır. İnsan həm də məna ilə yaşayır. Məhz buna görə bəşəriyyət min illərdir Tanrını, həqiqəti və mənanı axtarır. Çünki insanın daxilində sonsuzluğa qarşı qəribə bir aclıq var. Heç bir maddi uğur bu boşluğu tam doldura bilmir.
Əsl problem dinin varlığı deyil.
Əsl problem insanın öz nəfsinə büt çevirməsidir.
Çünki nəfsini ilahiləşdirən insan üçün artıq nə vicdan qalır, nə mərhəmət, nə də həqiqət. Tarix dəyişir, imperiyalar dağılır, ideologiyalar ölür. Amma insanın daxilindəki savaş dəyişmir:
Vicdan ilə ehtirasın savaşı.
Ağıl ilə fanatizmin savaşı.
Həqiqət ilə kor itaətin savaşı.
İnsanlıq ya düşünərək yüksələcək, ya da fanatizmin bütün formaları tərəfindən yenidən qaranlığa sürüklənəcək.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada