Günün fotosu – Tehranda Trampın ağzını Hörmüzlə yumdular

Günün fotosu – Tehranda Trampın ağzını Hörmüzlə yumdular
17:42

Bu şəkil dünən Tehranda çəkilib. Fotoqrafın kamerasının obyektivinin önündə iki motosikletçi görünsə də, əsas obyekt arxa fondur.

Oradan bizə yalnız burnu və qismən yanağı görünən, ağzı mavi parçayla örtülmüş bir şəxs baxır.

Yəqin ki, kürən sifətinin fraqmentləri görünən bu şəxsi dünyada tanımayan yoxdur.

O, ABŞ prezidenti Donald Trampdır. Tramp İranda ən çox nifrət edilən iki adamdan biridir. O biri şəxs, əl-əlbət, İsrailin baş naziri Binyamin Netanyahu olar.

Bəs üzərində prezident Trampın şəkli olan ABŞ əleyhinə reklam lövhəsinin mənası nədir?

Lövhənin nəhəngliyi iranlıların ABŞ-yə və şəxsən Trampa nifrətinin böyüklüyünü göstərir. Bunu əziyyət çəkib hazırlayanlar, gətirib şəhərin mərkəzindəki gur prospektlərdən birinə yerləşdirənlər xalqın öz düşmənini bir an belə unutmamasını, hər dəqiqə onu nifrətlə süzüb hiddət bildirməsini hədəfləyirlər.

tramp.JPG (66 KB)

Posterdə Trampın ağzının yumulması da simvolik məna daşıyır. Prezidentin ağzını yuman mavi parça Hörmüz boğazının xəritədəki təsviridir. Müəlliflər demək istəyirlər ki, Tramp İrana qarşı nə qədər əsib-sovursa da, hədələr yağdırsa da, İran onun ağzını Hörmüz boğazıyla yumub.

Əslində bu foto İranın ABŞ ilə heç vəchlə sülhə gəlmək istəmədiyinin, sona qədər öz mövqeyini qorumaq əzminin əksidir. Ya da bu, İranın yenilməzliyinin, dirəşkənliyinin xalqa növbəti dəfə nümayiş etdirilməsidir. Bu, "İran ABŞ-yə qalib gəldi" iddiasının şəklidir. Bunu görən hər bir iranlı vəcdə gəlməlidir.

İranda riqqət doğuran videoçarxlar çəkməyi, animasiyalar istehsal etməyi yaxşı bacarırlar.

Sadəcə, ağzı Hörmüzlə yumulmuş Tramp həmin o örtüyün altından danışmaqda davam edir. Sonuncu dəfə o, Vaşinqtonun sülh təklifinə Tehranın cavabını "tamamilə qəbuledilməz" adlandırıb və deyib ki, bu cavab yeni münaqişə ehtimalını artırır.


Sizin reklam burada
Sizin reklam burada