Kiyev yeni mərhələyə hazırlaşır: Moskva üçün kritik mesaj

Kiyev yeni mərhələyə hazırlaşır: Moskva üçün kritik mesaj
10:44

Volodimir Zelenski Ukraynaya qarşı mümkün genişmiqyaslı hücumlarla bağlı sərt mesaj verib. O bildirib ki, əgər Rusiya hücumların miqyasını artırsa, Moskva buna ağır cavabla üzləşəcək. Zelenskinin sözlərinə görə, hazırda tərəflər uzaqmənzilli silahlardan aktiv şəkildə istifadə etməsə də, gələcək proseslər birbaşa Kremlin qərarlarından asılı olacaq.

Bu bəyanat Ukrayna müharibəsinin yeni və daha təhlükəli mərhələyə keçə biləcəyi ilə bağlı ehtimalları gücləndirib. Söhbət artıq yalnız cəbhə xəttindəki döyüşlərdən deyil, strateji obyektlərə yönələn raket və dron hücumlarının genişlənməsi riskindən gedir. Kiyev bununla həm Rusiyaya çəkindirici mesaj göndərir, həm də Qərb müttəfiqlərinə Ukraynanın tək buraxılmamasının vacibliyini xatırladır.

Məsələni News365.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Zelenskinin çıxışı ilk növbədə psixoloji və siyasi balans yaratmağa hesablanıb:


“Ukrayna rəhbərliyi göstərməyə çalışır ki, ölkə yalnız müdafiə olunmur, eyni zamanda cavab vermək potensialını da qoruyur. Bu mesaj həm cəmiyyətə, həm də qarşı tərəfə ünvanlanıb”.

Ekspertin fikrincə, Zelenskinin uzaqmənzilli silahlarla bağlı vurğusu təsadüfi deyil. Bu, Kiyevin müharibənin daha geniş miqyas almasını istəmədiyini göstərsə də, eyni zamanda cavab imkanlarını masada saxladığını nümayiş etdirir.

Politoloq hesab edir ki, bəyanatın əsas ünvanlarından biri də Qərb ölkələridir:

“Zelenski Qərbə anlatmağa çalışır ki, Ukraynaya dəstək zəifləyərsə, risk yalnız Kiyev üçün yox, bütün Avropa üçün artacaq. Bu müharibə artıq regional çərçivədən çıxaraq Avropanın ümumi təhlükəsizlik məsələsinə çevrilib”.

Qarayeva qeyd edib ki, mümkün genişmiqyaslı hücumlar Qara dəniz regionunda və NATO-nun şərq cinahında gərginliyi daha da artıracaq. Onun sözlərinə görə, Polşa, Rumıniya və Baltik ölkələri kimi bölgələr təhlükəsizlik baxımından daha həssas vəziyyətə düşə bilər. Bununla yanaşı enerji infrastrukturu, limanlar və taxıl ixrac marşrutları da ciddi risk altına girə bilər.

Ekspert vurğulayıb ki, belə bir ssenari yalnız hərbi qarşıdurmanı deyil, həm də iqtisadi və humanitar böhranları dərinləşdirə bilər. Buna görə də Zelenskinin açıqlaması sadəcə siyasi ritorika deyil, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş strateji xəbərdarlıq kimi qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada