Xalqların inanc yönündən parçalanması onları nüvə silahı ilə məhv etməkdən daha dəhşətlidir- Tural İrfan yazır

Xalqların inanc yönündən parçalanması onları nüvə silahı ilə məhv etməkdən daha dəhşətlidir- Tural İrfan yazır
09:22
Qərbdəki bəzi siyasi institutlar davamlı olaraq Şərqi, əsasən də zəngin sərvətləri və mədəniyyəti olan müsəlman aləmini istila və istismar etmək üçün ideyalar üzərində işləyir, yeni metodlar ortaya qoyurlar. Qədimdən öz köklərinə, inancına sadiq xalqları bütövləşdirən, həmrəyliyinə bünövrə təşkil edən özülləri, bağları sarsıtmaq üçün müxtəlif adlar altında cürbəcür təsirlər göstərilir. Bu xalqları birləşdirən, hətta dövlətlərin arasında ittifaqa səbəb olan amilləri aradan qaldırmağa çalışırlar ki, parçalayıb, üz-üzə qoyub asan istismar edə bilsinlər.
"Demokratiya", "insan haqları", "qadın hüquqları" adı altında müsəlman Şərqinə müəllimlik edir, əvvəlcə səddamlar, qəddafilər yetişdirirlər. Sonra onları öz xalqı ilə üz-üzə qoyurlar yaxud buna təhrik edirlər, imkan yaradırlar. Daha sonda onların devrilməsi üçün xalqların "yalvarışları"na guya səs verib mələk obrazında xilaskara çevrilirlər. Avropa bu gün müsəlman aləmində konkret olaraq fahişəlik, homoseksualizm, faizçilik, pozğunluq yaymaqdadır. Dəyərləri məhv etməklə insanları öz köklərindən ayırdıqda onları istismar etmək daha asan olur. İtaliya Liviyada, Fransa Əlcəzairdə, Suriyada, İngiltərə əli çatan bütün müsəlman ölkələrində milyonlarla məsum müsəlmanı qətl edib, işgəncə və istismara məruz qoyub. İndi guya mələyə çevrilib müsəlmanlara azadlıq gətirmək istəyirlər? Sadəcə buna inananlara adamın yazığı gəlir.
Bəzən sual edirlər ki, niyə bəziləri xristianlığı, iudaizmi yaxud buddizmi deyil məhz İslamı hədəf götürürlər. Cavabı aydındır... Çünki Qərbin müəyyən etdiyi hədəfə doğru addım atılır.
Bu gün dünyada türk millətinə ən dəhşətli zülm Çində olunur. İslamı hədəf alanlar Çinin ünvanına nəsə deyə bilir? Xeyr. Demək səmimi türk deyillər. Məqsəd bir millətin hüququnu qorumaq deyil, bu ad altında manipulyasiya etməkdir.
Rusiya əsasən Qafqazda xalqları separatçılığa sövq etməklə parçalayıb idarə edirdi. Qərbin bəzi səlibçi məfkurədə olan ideoloji institutları da müsəlmanların millətçilik damarından geniş istifadə edirlər. İslam kimə xoş gəlib gəlməməsindən asılı olmayaraq xalqları, etnik qrupları öz inanc sistemi və mədəniyyəti ətrafında birləşdirən ideologiya rolunu oynayır. Müəyyən ziddiyyətlərdə xalqlar, millətlər, etnik qruplar vahid dinin daşıyıcıları olmaları səbəbi ilə ortaq məxrəc tapır, vəhdətə gəlirlər. İndi bu birləşdirici dəyərə ona görə hücum edilir ki, xalqları parçalayıb üz-üzə qoysunlar.
Yəni, Qərbin istila hədəflərini müəyyən edən ideoloqlar da bunu istəyir. Parçala hökm sür. Müsəlman xalqların qədim, pərakəndə və indiyə heç tam olaraq gəlib çatmamış əski inanclarına qayıtmasına təşviq etməkdə məqsəd yalnız parçalamaqdır.
İslamdan əvvəl türklərin bir qismi tanrıçılığa, bir qismi şamanizmə, bir qismi buddizm və menixeizmə, bir qismi iudaizm və xristianlığa yaxud təbiət kultlarına inanırdı. İndi İslamın bir xalqı vahid inanc altında birləşdirməsi dağıdıcı gücləri narahat edir. Yaxud qədim kürdlər İezidilik, Zərdüştlük, mitraizm, yarsanizm kimi əski inanclara bağlı idilər. İslam vahid inanc altında nəinki bu xalqı birləşdirdi, hətta digər müsəlman xalqları ilə qardaş elan etdi. (Az bir hissə İezidilik inancında qalıb, böyük çoxluq müsəlmandır.) Türklərin də az hissəsi qeyri-müsəlman olaraq qalmaqdadır. Böyük əksəriyyəti müsəlmandır. Eyni zamanda qurulmuş türk yaxud müsəlman dövlətləri, imperiyaları əsas ideoloji xətt olaraq İslamı götürmürdülərmi? Səlcuqlular, Osmanlılar məgər xalqları buddizm yaxud şamanizm altında birləşdirə bilmişdi, yoxsa İslam? Ərəblərin bir hissəsi bütpərəst, bir hissəsi xristian, digərləri də fərqli dinlərə inanırdı. Eyni zamanda başqa xalqların da pərakəndə və sistemsiz inanclara üz tutduğu tarixdən aydın olur. İslam gəlib vahid ümmət prinsipləri əsasında birləşdirdi və bu birlik möhtəşəm bir tarix, mədəniyyət yaratdı.
Demək indi məqsəd nədir: bir tərəfdən yeni qondarma təriqətlər icad etməklə ("Əhmədi nur və sülh dini" kimi... ), radikal qruplar yaratmaqla ("vəhhabizm, İŞİD..."), digər tərəfdən də milli, etnik, irqi ayrı-seçkilik salmaqla, guya qədim inanclara qayıdış erası başlamaqla yerdə qalan dəyərləri məhv etmək. Nəticədə Qərbin istilaçı məqsədlərinə daha asan şərait yaratmaq.
Xalqların təzədən inanc yönündən parçalanması onları nüvə silahı ilə məhv etməkdən daha dəhşətlidir. Adicə Suriyada Nuseyrilər, Druzlar kimi iki-üç xırda təriqətin əli ilə bu gün dövlətin suverenliyinə, təhlükəsizliyinə təhdid yaradanları bütün dünya müşahidə edir. Məgər təkcə bu fakt nümunə olaraq yetməzmi?
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada