"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin şimaldan cənuba doğru davam etdirilməsi barədə razılıq mövcuddur".
News365.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan erməni mediasına açıqlamasında bildirib.
Hökumət başçısı vurğulayıb ki, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesinin həyata keçirilməsi üçün hüquqi baza artıq formalaşıb. Onun sözlərinə görə, 2024-cü ilin avqustunda imzalanan və oktyabrda ratifikasiya edilən delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə əsasən, bu prosesdə əsas prinsip kimi "Almatı Bəyannaməsi" qəbul olunub.
"Bu o deməkdir ki, İrəvan və Bakı Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında mövcud olmuş xəttin iki dövlət arasında rəsmi sərhəd kimi tanınması ilə razılaşıblar", - deyə Paşinyan bildirib.
O əlavə edib ki, delimitasiya çərçivəsində əsasnamənin tələblərinə cavab verən və hər iki tərəf üçün məqbul hesab edilən həll yolları tapıla bilər.
Ermənistanın baş naziri qeyd edib ki, prosesin davam etdirilməsi ilə bağlı artıq ictimaiyyətə açıqlanmış razılaşma mövcuddur.
"Bizim delimitasiyanın şimaldan cənub istiqamətində həyata keçiriləcəyinə dair dərc olunmuş razılaşmamız var. Aydındır ki, delimitasiyanın artıq baş tutduğu ərazilərdə sərhəd xətti müəyyənləşdirilməli və bu addımlar delimitasiya məntiqi çərçivəsində, tam şəffaf şəkildə aparılmalıdır", - deyə Paşinyan vurğulayıb.