40 ölkənin müdafiə naziri Hörmüz üçün TOPLANIR

40 ölkənin müdafiə naziri Hörmüz üçün TOPLANIR
09:12

Böyük Britaniya və Fransa bu gün Hörmüz boğazında beynəlxalq hərbi missiyanın aspektləri barədə razılığa gəlmək üçün 40-dan çox ölkənin müdafiə nazirlərinin ilk görüşünü keçirəcəklər.

News365.az xəbər verir ki, məlumatı Böyük Britaniya Müdafiə Nazirliyi açıqlayıb:

"Böyük Britaniya və Fransanın rəhbərliyi ilə beynəlxalq tərəfdaşların görüşdən istifadə edərək, şərait imkan verdikdə Hörmüz boğazının açılması və təhlükəsizliyinin təmin edilməsi üçün müdafiə missiyasına hərbi töhfələrini müzakirə etmələri və müəyyən etmələri gözlənilir".

Böyük Britaniya Müdafiə Nazirliyi "planın sırf müdafiə xarakterli olduğunu" və "bu həyati əhəmiyyətli ticarət yolu boyunca kommersiya gəmiçiliyinə etimadı bərpa etməyi" hədəflədiyini vurğulayıb. Nazirlər görüşündə konkret öhdəliklərin açıqlanması gözlənilir.

Qeyd edək ki, 7 may tarixində Fransanın "Şarl de Qoll" təyyarədaşıyan gəmisi Qırmızı dənizə çatıb. Yelisey Sarayı bu addımı Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə hazırlığın nümayişi kimi qiymətləndirib. Böyük Britaniya Müdafiə Nazirliyi da öz növbəsində HMS Dragon esminesinin Yaxın Şərqə yerləşdiriləcəyini açıqladı.

Daha əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazı missiyasına həsr olunmuş sammit keçirmişdilər. Bundan əlavə, aprelin sonlarında London yaxınlığında bu məsələ ilə bağlı iki günlük konfrans keçirilib və tədbirdə təxminən 40 ölkədən hərbi mütəxəssislər iştirak edib.


Sizin reklam burada
Sizin reklam burada