Tailandın cənubunda bir gecədə mülki infrastruktura qarşı 30-dan çox hücum törədilib.
Hücumlar avqustun 22-də gecə saatlarında Narathivat, Pattani və Yala əyalətlərində qeydə alınıb.
Naməlum şəxslərin kommunal xidmət avtomobillərini yandırdığı, mobil rabitə qüllələrinə zərər vurduğu, həmçinin inzibati binalara və mağazalara hücum etdiyi bildirilir.
Hadisələrdən biri zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində iki qadın qəlpə yarası alıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində hərbçilər və polis yüksək hazırlıq vəziyyətinə gətirilib. Yollarda və strateji əhəmiyyətli obyektlərin ətrafında patrul xidməti gücləndirilib.
Hakimiyyət yerli sakinlərə zərurət olmadıqda evlərini tərk etməmək, həmçinin şübhəli şəxslər və əşyalar barədə aidiyyəti qurumlara məlumat vermək çağırışı edib.
Tailandın cənubunda silahlı münaqişənin kökləri uzun illər əvvələ gedib çıxır. Xüsusilə 2004-cü ildən etibarən bölgədə silahlı qrupların fəaliyyəti intensivləşib. Narathivat, Pattani və Yala əyalətlərində fəaliyyət göstərən separatçı qruplar ərazilərin Tailanddan ayrılmasını və müstəqil sultanlığın yaradılmasını tələb edirlər.
Münaqişənin kəskinləşdiyi dövrdən etibarən bölgədə 7 mindən çox insanın öldüyü, 13 mindən çox şəxsin isə yaralandığı bildirilir.