İsti havalarda tez xarab olan qidalar – Ekspertdən xəbərdarlıq

İsti havalarda tez xarab olan qidalar – Ekspertdən xəbərdarlıq
13:45

Yüksək temperatur qidaların daha sürətlə xarab olmasına səbəb olur. Xüsusilə süd və süd məhsulları, ət və ət məhsulları, balıq, dəniz məhsulları, yumurta tərkibli qidalar, kremli şirniyyatlar və hazır salatlar isti havalarda daha çox risk daşıyır.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova  News365.az-a açıqlamasında yay mövsümündə qidaların seçilməsi, saxlanılması və hazırlanması zamanı diqqət edilməli məqamları açıqlayıb.

Onun sözlərinə görə, yüksək risk qrupuna daxil olan məhsulların saxlanmasında əsas şərt soyuq zəncirin qorunmasıdır:

“Xüsusilə süd, qatıq, pendir, qaymaq, ət və ət məhsulları, balıq və dəniz məhsulları, yumurtadan hazırlanan qidalar, kremli şirniyyatlar, eləcə də ev üsulu hazırlanmış qarışıq salatlar yüksək temperaturda daha tez xarab ola bilər. Doğranmış və kəsilmiş meyvələr də bu baxımdan diqqət tələb edir”.

Mütəxəssis bildirir ki, bu məhsullar həm alış zamanı, həm də evdə saxlanılarkən temperatur rejiminə uyğun qorunmalıdır. Onun sözlərinə görə, xüsusilə tez xarab olan qidaların az miqdarda alınması daha məqsədəuyğundur.

“Bişirilmiş qidalar otaq temperaturunda iki saatdan artıq saxlanılmamalıdır. Hazır yeməklər mümkün qədər qısa müddətdə soyuducuya yerləşdirilməli, məhsullar isə bir-birinə uyğun qablaşdırılaraq saxlanılmalıdır. Hazırlanma və saxlanma prosesində sanitar-gigiyenik qaydalara əməl etmək də əsas şərtlərdəndir”, – deyə Məhsəti Hüseynova qeyd edib.

Meyvələrin yuyulmasına da diqqət edilməlidir

Ekspert yay aylarında meyvə istehlakında yol verilən səhvlərdən də danışıb. O bildirib ki, meyvələrin yuyulmadan və ya kifayət qədər təmizlənmədən yeyilməsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

“Yayda meyvələrin çeşidi çoxalır. Bəzən insanlar onları yaxşı yumadan istehlak edirlər. Bu isə müəyyən hallarda sağlamlıq üçün risk yarada bilər. Buna görə meyvələr istehlakdan əvvəl düzgün şəkildə yuyulmalıdır”.

Mənşəyi bilinməyən məhsullara nəzarət gücləndirilməlidir

Məhsəti Hüseynova hesab edir ki, qida təhlükəsizliyinin təmin olunmasında yalnız istehlakçının deyil, satış obyektlərinin və aidiyyəti qurumların da üzərinə böyük məsuliyyət düşür.

Onun sözlərinə görə, xüsusilə yay aylarında qeyri-qanuni satışın, mənşəyi məlum olmayan məhsulların dövriyyəsinin qarşısının alınması və qidaların daşınması zamanı soyuq zəncirin qorunması vacibdir.

“Satış məntəqələrində soyuducuların işlək vəziyyətdə olması, məhsulların istehsal və son istifadə tarixləri ciddi şəkildə yoxlanılmalıdır. Mənşəyi bəlli olmayan və açıq şəkildə satılan keyfiyyətsiz məhsulların satışına yol verilməməlidir”.

Çarpaz çirklənmə təhlükəsi

Mütəxəssis evlərdə və ictimai iaşə obyektlərində daha bir vacib məqama – çiy və hazır qidaların ayrılmasına diqqət çəkib.

O bildirib ki, çiy ət və digər məhsulların bişmiş qidalarla eyni səthdə saxlanılması və eyni doğrama lövhəsindən istifadə edilməsi bakteriyaların hazır qidaya keçməsinə, yəni çarpaz çirklənməyə səbəb ola bilər.

“Çiy və hazır məhsullar ayrı saxlanılmalı, onların hazırlanması üçün mümkün qədər fərqli səth və avadanlıqlardan istifadə edilməlidir. Bu qaydalara həm evlərdə, həm də ictimai iaşə obyektlərində əməl olunması vacibdir”.

Maarifləndirmə davamlı olmalıdır

Məhsəti Hüseynova qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsinin də davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Onun fikrincə, qida təhlükəsizliyi ilə bağlı məlumatlandırma kampaniyaları yalnız ayrı-ayrı layihələrlə məhdudlaşmamalı, istehlakçıların gündəlik həyatında qarşılaşa biləcəyi risklər barədə mütəmadi məlumat verilməlidir.

Ekspert xüsusilə keyfiyyətsiz və zərərli məhsulların reklamlarının geniş yayıldığı bir vaxtda sağlam qidalanma və qida təhlükəsizliyi ilə bağlı məlumatların da insanlar üçün daha əlçatan edilməsinin vacibliyini qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada