“Şah İsmayıl məsələsini təhqir və hədə olmadan müzakirə etmək lazımdır”
News365.az xəbər verir ki, ilahiyyatçı Tural İrfan TV365 kanalının efirində tarixə, xüsusilə Şah İsmayıl Xətaiyə münasibət və sosial şəbəkələrdə aparılan müzakirələr barədə danışıb.
Tural İrfan bildirib ki, cəmiyyətdə tarixi şəxsiyyətlərlə bağlı sağlam müzakirə mədəniyyətinin formalaşması üçün uzun zaman tələb olunur.
“Bizim insanlara, sosial şəbəkə istifadəçilərinə, hətta elmi dərəcəsi olan alimlərə belə 28-30 il vaxt lazımdır. O da müəyyən şərtlərlə. Qanunlarda sərtləşmə, təhqir və hədələrə görə məsuliyyət, eyni zamanda sosial, mədəni və psixoloji sahələrdə müəyyən tənzimləmələr aparılmalıdır. Yalnız bundan sonra biz normal şəkildə Şah İsmayılı da, Nadir şahı da təhqirsiz və ədalətli formada müzakirə edə bilərik”, - deyə o qeyd edib.
İlahiyyatçı hesab edir ki, hazırkı şəraitdə bu mövzular ətrafında aparılan müzakirələr cəmiyyətdə qarşıdurmanı və dözümsüzlüyü artırır:
“İnsanların bir-birinə salam verdiyi halda, sonradan biri digərini təhqir edir, hədələyir, işdən çıxarılmasını tələb edir. Bu, sağlam müzakirə deyil. Tarixi məsələlər bizim tolerantlığımızı pozmamalıdır”.
Onun sözlərinə görə, Şah İsmayıl Xətainin fəaliyyəti dövrün reallıqları nəzərə alınaraq qiymətləndirilməlidir:
“Şah İsmayıl imperiya qururdu. O dövrdə imperiyalar müxtəlif əsaslar üzərində qurulurdu. Biri soyuna, digəri boya, başqa biri millətçilik ideyasına, Şah İsmayıl isə məzhəbə əsaslanaraq dövlət qururdu. Buna görə də onun dövründə məzhəbə qarşı olan qüvvələrin zərərsizləşdirilməsi istiqamətində çox qətiyyətli addımlar atılırdı. Amma bu, indiki dövrün xarakterik xüsusiyyəti deyil”.
Tural İrfan bildirib ki, tarixin müəyyən səhifələrini bu gün siyasi və ictimai qarşıdurma vasitəsinə çevirmək düzgün deyil:
“Şirvan ərazisində, yaxud özbəklərə qarşı baş vermiş hadisələri bu gün qabartmaq lazım deyil. Əgər müzakirə olunacaqsa, bunu obyektiv və soyuq başla, tarix fəlsəfəsini və tarix sosiologiyasını bilən insanlar etməlidir”.
O, tarixi yalnız xronoloji ardıcıllıqla hadisələri sadalamaqdan ibarət hesab edən yanaşmaları da tənqid edib:
“Tarixçilik sadəcə hansı şahın nə vaxt hakimiyyətə gəldiyini sadalamaq deyil. Tarixi köklü şəkildə araşdırmaq, onun fəlsəfəsini, sosial və siyasi səbəblərini öyrənmək lazımdır. Sovet senzurasından keçmiş kitabları oxuyub bu gün Şah İsmayılı tamamilə ləğv etmək də, onu heç bir tənqidə açıq olmayan müqəddəs şəxs kimi təqdim etmək də doğru deyil”.
İlahiyyatçı Azərbaycanda Səfəvilər dövrünü obyektiv araşdıran tarixçilərin az olduğunu bildirib və professor Nəsib Nəsiblini nümunə göstərib.
“Nəsib Nəsibli məsələlərə obyektiv yanaşır. O, Səfəvilər mövzusuna ümumi türk dünyasının prizmasından baxır. Sovet ənənəsindən qalan yanaşmalarla məsələyə müdaxilə etmir, eyni zamanda subyektiv məzhəbçi mövqedən də çıxış etmir. Tarixə obyektiv yanaşır və bunu xalqımızın, millətimizin, vəhdətimizin və gələcəyimizin maraqları ilə əlaqələndirir”, - deyə Tural İrfan vurğulayıb.
O, Şah İsmayıl Xətainin müzakirə olunmasının vacibliyini də qeyd edib:
“Biz nə edək, bütün bunları sandığa qoyub ağzını bağlayaq? Şah İsmayıl müzakirə olunmalıdır. Amma sən niyə qorxursan? Əgər dəlilin, sübutun varsa və haqlısansa, niyə qarşındakı insanı hədələyirsən? Niyə söyürsən, niyə təhqir edirsən?”
Tural İrfan sosial şəbəkələrdə Şah İsmayılı tənqid edən şəxslərə qarşı təhqiramiz ifadələrin işlədilməsini də yolverilməz hesab edib.
“Tanıdığımız, ictimaiyyətə məlum olan insanlar sosial şəbəkələrdə Şah İsmayılı tənqid edən şəxsləri ağır ifadələrlə təhqir edirlər. Belə yanaşma ilə tarix müzakirə olunmaz. Tarixə münasibətimiz elmi, obyektiv və qarşılıqlı hörmət əsasında formalaşmalıdır”, - deyə ilahiyyatçı əlavə edib.