Son günlər cəbhədə Ukrayna üçün hərbi vəziyyət kəskin şəkildə pisləşib. Bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti yazıb.
Qeyd edilib ki, xüsusilə, söhbət Velikaya Novoselka, Çasovoy Yar və Pokrovskdan gedir.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri (VSU) üç çay arasında yerləşən Velikaya Novoselkada tələyə düşüblər. NZZ nəşri Rusiyanın Donbasın cənubunda daha çox irəliləməsinə qarşı qala sayılan şəhərin süqutunu proqnozlaşdırır. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri təchizatdan kəsilib, onların yerdə qalan döyüşçüləri isə Mokrye Yalı çayı ilə geri çəkilə biləcəklərinə ümid etməlidirlər. Bununla da onlar ağır hərbi texnikanı geridə qoymalı olurlar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.