İsrail rəhbərliyi ABŞ administrasiyasını İrana qarşı tammiqyaslı hərbi əməliyyatları bərpa etməyə inandırmağa çalışır.
News365.az "The Wall Street Journal" (WSJ) nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, İsrail ABŞ-yə İranın Nətənz yaxınlığındakı Kırka dağı altında yerləşən yeraltı tunellərə uranın zənginləşdirilməsi üçün sentrifuqalar köçürdüyünü iddia edən kəşfiyyat məlumatları təqdim edib. İsrail kəşfiyyatının qiymətləndirmələrinə əsasən, sözügedən tunellərin dərinliyi 140 metrə qədər çatır.
Məlumata görə, İsrail rəsmiləri bu kəşfiyyat göstəricilərinin Vaşinqtonun İrana qarşı növbəti addımlarına təsir edəcəyini gözləyirlər. Tel-Əviv bu məlumatlarla ABŞ-ni İranın raket imkanlarını zəiflətmək və nüvə proqramı ilə bağlı obyektləri məhv etmək məqsədilə yeni zərbələr dalğasına başlamağa həvəsləndirməyə çalışır.
WSJ qeyd edir ki, bu ilin yazında və 2025-ci ilin iyununda həyata keçirilən əvvəlki zərbələr dalğası zamanı Kırka dağı ərazisi prioritet hədəflər sırasına daxil edilməmişdi.
Nəşr həmçinin xatırladır ki, ABŞ və İran iyun ayında hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan memorandum imzalamışdılar. Lakin iyulun 8-nə keçən gecə Vaşinqton Tehranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələrin bərpa olunduğunu elan etmişdi.
News365.az