"Bu günə qədər İran və İsrail arasında müşahidə olunan gərginlik əsasən lokal xarakterli hava zərbələri ilə müşayiət olunub və bu zərbələr münaqişənin ümumi trayektoriyasına ciddi təsir göstərməyib."
Hərbi ekspert Azər Bayramov bu sözləri News365.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, tərəflərin atdığı addımlar əsasən qarşılıqlı siyasi iradə nümayiş etdirmək və təzyiq göstərmək məqsədi daşıyıb:
“İran nüvə silahı əldə etmək niyyətində olmadığını bildirir. Sadəcə olaraq, nüvə sahəsində zənginləşdirmə fəaliyyətini davam etdirdiyini vurğulayır. Bu prosesdə xüsusilə Rusiya tərəfindən İrana dəstək göstərildiyi də məlumdur.”
A. Bayramov əlavə edib ki, İranın hazırda aktiv atom elektrik stansiyaları fəaliyyət göstərir və bu sahədə zaman-zaman danışıqlar aparılsa da, proses davam edir. Bu müddət ərzində İranın nüvə silahı əldə etdiyi ilə bağlı konkret dəlillər yoxdur.
Gələcək perspektivlərə toxunan hərbi ekspert bildirib:
“İran və İsrail arasında qarşıdurmaların tammiqyaslı müharibəyə çevrilməsi ehtimalı azdır. Ancaq müəyyən toqquşmalar, xüsusilə də lokal hava zərbələri şəklində qarşılıqlı təzyiqlər davam edə bilər.”