Güney Azərbaycanda etiraz dalğası: Təbriz bazarı bağlandı, tələblər milliləşdi

Güney Azərbaycanda etiraz dalğası: Təbriz bazarı bağlandı, tələblər milliləşdi
09 Yan 2026 15:20

İranda Güney Azərbaycan bölgəsində genişmiqyaslı etiraz aksiyaları başlayıb. Zəncan, Urmiya, Xoy, Ərdəbil, Təbriz və Marağa kimi şəhərlərdə minlərlə insan hökumət əleyhinə yürüşlərə çıxıb. Aksiya iştirakçıları “Azadlıq, ədalət, milli hökumət”, “Ölüm olsun diktatora” və “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” kimi şüarlar səsləndiriblər.

Xoyda mitinqlərin xüsusilə kütləvi və gərgin şəraitdə keçdiyi, təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına qarşı sərt tədbirlər gördüyü bildirilir. Hərçənd hələlik yaralananlar və saxlanılanların sayı barədə rəsmi məlumat yoxdur.

İranda etirazların xarakteri bu dəfə ciddi şəkildə fərqlənir – təkcə sosial-iqtisadi narazılıq deyil, mərkəzi hakimiyyətin legitimliyi və milli kimliklə bağlı çağırışlar səslənir. Ekspertlər bunun etirazların ideoloji çərçivəsinin dəyişməsi ilə bağlı olduğunu vurğulayırlar.

Bu barədə News365.az-a danışan politoloq Turan Rzayev bildirib ki, mövcud etirazların sürətlə genişlənməsində əsas amillərdən biri bölgədə səslənən milli məzmunlu şüarların artmasıdır.

Rzayevin sözlərinə görə, bu dəfə Güney Azərbaycan etirazları təkcə İran rejiminə qarşı deyil, həm də etnik və siyasi ayrı-seçkiliyə etiraz kimi özünü ortaya qoyur. “Azərbaycan şərəfdir” məzmunlu şüarlar milli kimlik və mədəni tələblərin etirazların mərkəzinə keçdiyini göstərir.

Etirazların ciddiliyini bir daha təsdiqləyən əsas məqamlardan biri isə Təbriz bazarının bağlanmasıdır. Tarixən siyasi etirazların və ümumi tətilin mərkəzi hesab olunan Təbriz bazarının bağlanması iqtisadi fəaliyyətin iflic olmasına və ticarətçi təbəqənin narazılığa qoşulmasına işarə edir. Bu da etirazların yalnız qısaömürlü aksiyalar olmadığını, daha geniş sosial dəstəkə malik olduğunu göstərir.

Politoloq Turan Rzayev qeyd edib ki, Güney Azərbaycan etirazlarının sosial motivlərlə yanaşı, milli istəklər və siyasi tələblərlə də əlaqədar olması diqqətəlayiqdir. O hesab edir ki, proseslər bu şəkildə davam etdiyi təqdirdə bölgədəki etirazlar iki əsas ssenari üzrə formalaşa bilər:

  • Birinci ssenari: Etirazlar İranın digər regionlarındakı aksiyalarla sinxronlaşaraq ümumölkə miqyasında mövcud rejimin devrilməsinə gətirib çıxarsın. Bu halda Güney Azərbaycan cəmiyyəti ölkədaxili transformasiya prosesində konkret tələblər irəli sürə bilər — muxtariyyət, ana dilində təhsil, yerli özünüidarəetmə və siyasi təmsilçilik kimi;

  • İkinci ssenari: Əgər molla rejiminin süqutundan sonra Pəhləvi hakimiyyəti üslubunda siyasi modelin bərpası gündəmə gələcəksə, bu, bölgə üçün qəbuledilməz hesab oluna bilər və Güney Azərbaycan cəmiyyəti öz müqəddəratını müəyyənləşdirmək üçün sistemdən kənar siyasi mübarizəyə başlaya bilər.

Rzayevin vurğulamasına görə, bu etirazlar artıq sadəcə tələblər səsləndirilən aksiyalar deyil, İran daxilində siyasi və etnik sorğuların mərkəzinə çevrilən ciddi ictimai hərəkatdır.


Sizin reklam burada
Sizin reklam burada