İran
daxilində etiraz dalğası günbəgün böyüyür. Son məlumata görə, etirazlar artıq
26 əyaləti və 78 şəhəri əhatə edir. Müşahidələr göstərir ki, vəziyyət nəzarətdən
çıxmaq üzrədir. Hökumətin etiraz edənlərə qarşı sərt güc tətbiq etməsi dalğanı
səngitmək əvəzinə, qarşıdurmanın miqyasını daha da artıra bilər. Etirazçılar təkcə
etirazlarını sözlə ifadə etmirlər, hətta qarşılarına çıxan hər şeyi dağıdırlar.
Hətta etirazçılar helikopter qəzasında həlak olan keçmiş prezident İbrahim Rəisinin
bir neçə gün əvvəl qoyulan heykəlini də aşırıblar.
Etirazlar
niyə başladı?
İrana qarşı
tətbiq edilən Beynəlxalq sanksiyalar və ölkə daxilində aparılan qeyri-sağlam
iqtisadi siyasəti dövləti dalana dirəyib. İqtisadi geriləmə infilyasiyanın sürətlənməsinə
rəvac verir. Təsadüfi deyil ki, İran rialı yeni il ərəfəsində dollar qarşısında
ucuzlaşmaya görə tarixi rekord qırıb. Hazırda 1 dollar 42 min 133 riala bərabərdir. Bu isə İranın milli valyutasının gərəksiz kağız parçasına
çevirildiyini göstərir. Və bu amilin İranda etirazlara səbəb olduğu deyilir. Lakin
sonrakı günlərdə etirazşılar təkcə iqtisadi tələblər yox, həm də siyasi
çağırışlar edirlər. Hədəfsə ölkənin hazırkı prezidenti Məsud Pezişkiandır.
Nəzərə alaq
ki, İran Konstitusiyasına görə prezidentin məhdud səviyyədə hüquqları var. Əsas
hüquqlar- xarici siyasətin müəyyən edilməsi, ordu və digər güc strukturları
birbaşa ali dini liderə məxsusdur.
Belə olan vəziyyətdə
prezident Məsud Pezişkianın hədəfə alınması xeyli təəccüb doğurur.
Pezeşkian
niyə hədəfə alınıb?
Bu gün etirazların
əsas hədəfi prezident Məsud Pezeşkiandır. Bunun bir neçə səbəbi var. Əsas səbəb
onun kifayət qədər açıq və islahata meyilli olmasıdır. Təsadüfi deyil ki, İran
Prezidenti etirazların başladığı ilk günlərdə bəzi etiraflar edərək, mövcud
problemlərə görə hökumətin məsuliyyət daşıdığını bildirib. O bütün problemlərə
görə dövlət rəsmilərini ABŞ kimi xarici aktorları günahlandırmamağa çağırıb.
Çahar Mahal
Bəxtiyari əyalətinə səfəri zamanı Pezeşkian bildirib ki, problemlərin həlli
yanaşmalardan asılıdır:
"İctimai
narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli,
resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həllər
tapmalıdır. Əgər insanlar narazıdırsa, bu bizim günahımızdır. Günahı ABŞ-də və
ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir".
Təbii ki,
molla-fars rejiminin hakimiyyətdə olduğu 47 ildə hər hansı bir prezident və
yaxud ali dini lider belə cəsarətli etirafda olmayıb. Üstəlik Pezeşkianın bu
etirafları rejimin qocaldığını, zamanla ayaqlaşmadığını və yeni idarəetmə
sisteminin yaradılması zərurətini ortaya qoyur.
Lakin bu zərurəti
İranın dini lideri və yaxun ətrafı qəbul etmək istəmir. Onlar rejimi saxlamaq
üçün xalqı ən ağır şərtlərə məcbur edirlər. Buna qarşı etiraz edənləri isə ən ağır
şəkildə cəzalandırırlar. Xatırladaq ki, 2025-ci ilin iyul ayında Gilan Əyalət
Prokurorluğu Məsud Pezeşkianı öldürməyə çağıran Rəşt Şəhər Şurasının üzvü Rza
Aşəriyə cinayət ittihamı elan etdi. Belə ki. Rəşt Şurası üzvünün sosial şəbəkədəki
səhifəsində məlum materialın paylaşılmasından sonra əyalət prokuroru məhkəməyə
müraciət edərək onun məhkəməyə çağırılmasını tələb edib. Hazırda iş üzrə ibtidai
araşdırma aparılır.
Qeyd edək
ki, Rza Aşəri İsrail hökumətini İran Prezidenti Məsud Pezeşkianı öldürməyə
çağırmışdı. Rza Aşəri mühafizəkar siyasi cərəyana mənsubdur və ötən prezident
seçkilərində Məsud Pezeşkianın əsas rəqibi Səid Cəlilinin bölgədəki seçki qərargahının
rəhbəri olub.
Ümumiyyətlə,
İranın idarəetməsində mühafizəkarlar çox güclüdür. Onlar həm də ali dini
liderin qatı tərəfdarlarıdır. Məhz həmin qüvvələr islahatçı Pezeşkiana qarşı
birləşib.
Pezeşkianla
Xomnei arasında ilk qarşıdurma
Ötən ilin əvvəllərində
İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışı zamanı deyib ki, nüvə sazişi
ilə bağlı ABŞ-la dialoqu bərpa etmək niyyətində olub, ancaq ali dini lider Əli
Xamenei buna qarşı
çıxıb:
“Düşündüm
ki, dialoqa girmək daha yaxşıdır, amma ali rəhbər dedi ki, biz ABŞ-la
danışmayacağıq”.
Beləliklə prezidentlə
ali dini rəhbər arasında fikir ayrılığı üzə çıxdı. Baxmayaraq ki, ölkənin
taleyüklü məsələsində ali dini liderin “Vaşinqtonla danışıqlar ağılsızlıqdır”
deməsi sadəcə heç bir məntiqə sığmır. Bu fikir yalnız o zaman məntiqli görünə
bilər ki, Xomnei İran xalqının aclıq və səfalət içində yaşamasını istəyər.
Əslində bunda da bir məntiq var. Çünki ac kütləni idarə eləmək daha asandır.
Bu məsələ
Pezeşkianla Xomnei arasında ilk fikir ayrılığı olsa da sonuncu olmadı.
Prezident Azərbaycanla düşmənçilik siyasətini məntiqsiz və ağılsız hesab edir.
Bu isə rejimin prioritetlərinə daxil deyil. Ötən ilin ortalarında İran
Prezidenti Azərbaycan Respublikası ilə münasibətlərə dair ölkəsindəki yanlış yanaşmanı
sərt şəkildə tənqid etdi. O, açıq şəkildə bildirdi ki, İran daxilində Azərbaycanın
istənilən diplomatik addımına qarşı şübhə və düşmənçiliklə reaksiya verilməsi
artıq travmatik hal alıb.
“Bizdə bir
travma yaranıb. Azərbaycan Respublikası kimlə münasibət qurursa, onu dərhal
İrana qarşı hesab edirik. Biz hansı addımları atmışıq ki, bu qədər Azərbaycandan
ehtiyat edirik?”, – deyə Pezeşkian o zaman bildirmişdi.
O əlavə
etmişdi ki, İran özü də müstəqil dövlət olaraq Ermənistanla münasibətlər qurur
və bu münasibətləri rəsmi Tehran qonşuluq siyasəti çərçivəsində aparır. Eləcə də
Azərbaycanın öz xarici siyasətini formalaşdırmaq və istənilən ölkə ilə əməkdaşlıq
etmək hüququ var.
Pezeşkian əlavə
etmişdi:
“Azərbaycan
müstəqil dövlətdir və onun bütün dünya ölkələri ilə münasibətlər qurmağa haqqı
var. Azərbaycan rəhbərliyi öz davamlı mövqeyini hər zaman açıq şəkildə ifadə
edib.”
Prezident, həmçinin
Azərbaycanın İsrail vasitəsilə İrana qarşı hərbi addımlar atması barədə
iddiaları da qəti təkzib etmişdi:
“12 günlük
müharibədə Azərbaycan ərazisindən İsrailin İrana qarşı istifadəsinə dair heç
bir sübut yoxdur.”
Təbii ki, bu
cəsarətli və diplomatik baxımdan məsuliyyətli bəyanat molla-fars rejimin
maraqlarına uyğun deyil. Rejim digər qonşu dövlətlər kimi Azərbaycanı da zəif, İrandan
bu və digər şəkildə asılı ölkə kimi görmək istəyir.
Ona görə də
Pezeşkianın sağlam baxışları mühafizakarların yuxusunu ərşə çəkir. Və təsadüfi
deyil ki, İranda çox az adam Prezidenti müdafiə etməyə cəsarət edir.
Yada salaq
ki, bir neçə ay əvvəl Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə
cavab vermişdi.
O
bildirmişdi ki, ölkədəki problemləri etiraf etmək və nöqsanlardan danışmaq zəiflik
yox, islahatların başlanğıcıdır.
Yusif
Pezeşkianın sözlərinə görə, Prezident Məsud Pezeşkian ölkənin gələcəyi ilə
bağlı aydın bir plan və baxışa malikdir, lakin onun ideyaları ictimaiyyətə
düzgün şəkildə çatdırılmır.
“Öz
çatışmazlıqlarını qəbul etməyən bir şəxs heç vaxt islahatlara başlaya bilməz.
Ən böyük problemimiz odur ki, biz illərdir insanlara faktları tam şəkildə deməmişik,
bəzi həqiqətləri gizlətmişik. Cəmiyyət real vəziyyəti bilməlidir ki, addımlar
da ona uyğun atılsın. İndi laylay demək vaxtı deyil — oyanmaq vaxtıdır,” – deyə
Pezeşkian vurğulamışdı.
O həmçinin
bildirmişdi ki, ölkənin mövcud vəziyyətindən çıxışı yalnız hökumət, parlament,
məhkəmə sistemi, dini qurumlar və xalqın birgə əməkdaşlığı təmin edə bilər.
Nəzərə alaq
ki, bu Yusif Pezeşkianın yeganə çıxışı deyil. O, yeni il ərəfəsində
molla
rejimini internetə məhdudiyyətlər qoymasını tənqid edib.
O, bu barədə
fikirlərini “X” platformasında yazıb:
“Yusif
Pezeşkian deyib ki, güvən ikitərəflidir. “Hakimiyyət özü xalqa etimad göstərməyib
ondan etimad gözləyə bilməz. Sosial şəbəkələrə məhdudiyyətlərin tətbiqi
hakimiyyətin xalqa inamsızlığının göstəricisidir”.
Təbii ki, bu
cür cəsarətli çıxışlar molla-fars rejimini daha çox narahat edir. Ona görə də
rejim Pezeşkianlar ailəsini ilk öncə zərərsizləşdirmək, daha sonra isə onları ən
ağır şəkildə cəzalandırmaq istəyir.
Lakin
Prezident Məsud Pezeşkian heç də rejimə güzəştə getmək fikrində olmadığını göstərir.
İran prezidenti bir neçə gün əvvəl deyib ki, ictimaiyyətə məlumat vermək və şəffaflıq
təmin etmək, narazılıq və sosial gərginliyin qarşısının alınmasında mühüm rol
oynayır.
Onun sözlərinə görə, xalqla birbaşa ünsiyyət, onların qayğılarını, tələblərini
və tənqidlərini dinləmək və ictimai rəyin razılaşdırılması üçün çalışmaq,
psixoloji və sosial təzyiqlərin azalmasında təsirli olur:
“Qüvvə tətbiqi və yanlış üsullarla cəmiyyəti
razı salmaq və ya sakitləşdirmək mümkün deyil. Öhdəliklərin gecikməsi, yaşayış
problemlərinin artmasına və sosial kapitalın zəifləməsinə səbəb ola bilər.”
Azərbaycanlılar
Pezeşkianı necə müdafiə edir?
Bir vacib məqama
diqqət etmək lazımdır ki, 15 gündən artıq davam edən etirazlar İranın əsasən cənub
və şərq vilayətlərini əhatə edib. Və qeyd edək ki, həmin ərazilərdə farslar və
qeyri-türk xalqları yaşayır. Amma ölkənin şimal və qərb bölgələrində bir
susqunluq var. Yəni azərbaycanlıların yaşadıqları şəhər və qəsəbələrdə tam
sakitlikdir. Heç bir etiraz tədbiri keçirilmir.
Bu da o deməkdir
ki, soydaşlarımız oz susqunluqları ilə həm Pezeşkianı dəstəkləyir, həm də
molla-fars rejimin qurduğu çirkin oyunu pozmaq istəyirlər.
Nəzərə alaq
ki, İranda bütün inqilabi proseslər azərbaycanlıların yaşadığı ərazilərdə
başlayıb. Elə 1979-cu ildə İran şahına qarşı üsyan da Təbriz və digər Azərbaycan
şəhərlərində başlamışdı. Hələliksə soydaşlarım susur. Bu susqunluqsa Prezident
Məsud Pezeşkiana əlavə güc verir.
Bəs rejim
Pezeşkiana nə qədər dözəcək?
Bunu artıq
zaman göstərəcək.
News365.az