Alimlər xəbərdarlıq edir: Təyyarədə çay və qəhvə içməyin

Alimlər xəbərdarlıq edir: Təyyarədə çay və qəhvə içməyin
16:36

Təyyarələrdə sərnişinlərin gündəlik istifadə etdiyi kran suyunun təhlükəsizliyi ilə bağlı narahatedici faktlar üzə çıxıb. Yeni elmi araşdırma göstərir ki, bir sıra aviaşirkətlərin təyyarələrində istifadə olunan su sağlamlıq üçün risk yarada biləcək səviyyədə çirklənmiş ola bilər.

News365.az xəbər verir ki, xarici mediada yayımlanan məlumata əsasən, alimlər uçuşlar zamanı sərnişinlərə təqdim edilən çay və qəhvə kimi isti içkilərin hazırlanmasında istifadə olunan suyun belə təhlükə mənbəyinə çevrildiyini bildirirlər. Mütəxəssislər səyahət edənlərə yalnız qablaşdırılmış sudan istifadə etməyi və təyyarə kran suyunun gündəlik gigiyena məqsədləri üçün belə istifadəsindən çəkinməyi tövsiyə edirlər.

Araşdırma “Qida, dərman və uzunömürlülük kimi” qeyri-kommersiya təşkilatı tərəfindən üç il ərzində aparılıb. Bu müddətdə iri və regional olmaqla 21 aviaşirkətə məxsus təyyarələrdən götürülən on minlərlə su nümunəsi laborator müayinədən keçirilib. Nəticələr bəzi hallarda bu suların mədə-bağırsaq infeksiyalarına yol aça biləcək dərəcədə çirkli olduğunu göstərib.

Tədqiqat müəllifləri xüsusilə təyyarə tualetlərindəki su çənlərinə diqqət çəkərək bildiriblər ki, həmin çənlərdə patogen mikroorqanizmlərin olması tez-tez müşahidə olunur. Bu səbəbdən sərnişinlərə spirt tərkibi yüksək olan dezinfeksiyaedici vasitələrdən istifadə etmək məsləhət görülür.

Suyun keyfiyyəti xüsusi 5 ballıq qiymətləndirmə sistemi ilə analiz edilib. Nəticələrə görə, Delta və Frontier aviaşirkətləri ən yüksək göstərici əldə edib. Bəzi böyük daşıyıcılar isə riskli kateqoriyada yer alıb. Regional aviaşirkətlər arasında zəif nəticələr göstərənlər də olub.

Laboratoriya analizləri içməli suda olmaması gərəkən bakteriyaların müəyyən hissədə aşkarlandığını üzə çıxarıb. Mütəxəssislər bunu nəcislə çirklənmənin mümkün əlaməti kimi qiymətləndiriblər.

Qeyd edək ki, ABŞ-da təyyarələrdə içməli suyun təhlükəsizliyini tənzimləyən qaydalar mövcuddur və çənlərin mütəmadi təmizlənməsi tələb olunur. Lakin hesabat müəllifləri nəzarət mexanizmlərinin hər zaman effektiv işləmədiyini bildirirlər.

Aviaşirkətlər isə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və daxili yoxlamaların aparıldığını açıqlayıblar. Buna baxmayaraq, alimlər sərnişinləri ehtiyatlı olmağa çağırır və uçuş zamanı çay, qəhvə və kran suyundan istifadə etməməyi tövsiyə edirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada