İranda baş verən etiraz aksiyaları və müqəddəs yerlərlə bağlı hadisələr ölkədəki sosial dinamikaların və hakimiyyətin reaksiyasının yenidən diqqət mərkəzinə çıxmasına səbəb olub.
Politoloq Əli Zülfüqaroğlu hesab edir ki, bu proseslərin arxasında yalnız etirazçılar deyil, hökumətin öz planları da dayanır və aksiyaların lokal xarakteri gələcək siyasətə təsir göstərə bilər.

O, News365.az-a açıqlamasında bildirib ki, istər İranda, istərsə də digər müsəlman ölkələrində müqəddəs məkanlara qarşı hər zaman xüsusi ehtiram mövcuddur. Politoloqun fikrincə, bu baxımdan müqəddəs yerlərin və obyektlərin yandırılması məsələsində etirazçıların deyil, hökumətin maraqlı ola biləcəyi ehtimalı daha real görünür.
Əli Zülfüqaroğlu qeyd edib ki, bu cür addımlar hökumət tərəfindən etirazçılara qarşı ictimai rəyi mənfi yöndə formalaşdırmaq, eyni zamanda etirazçılar arasında parçalanma yaratmaq məqsədi daşıya bilər. Onun sözlərinə görə, məhz bu səbəbdən baş verən hadisələrə hökumətin mümkün planları prizmasından yanaşmaq daha məntiqlidir.
Politoloq etiraz aksiyalarının xarakterinə də toxunaraq bildirib ki, hazırkı etirazlar əvvəlki illərlə müqayisədə daha çox lokal xarakter daşıyır. O vurğulayıb ki, əvvəlki dövrlərdə İranda kütləvi və təşkilatlanmış etiraz aksiyaları müşahidə olunurdu, hazırda isə yayılan görüntülər aksiyaların genişmiqyaslı olmadığını göstərir.
“Bu amil hökumətə etiraz aksiyalarını neytrallaşdırmaq üçün əlavə imkanlar yaradır. Lakin əvvəlki aksiyalardan fərqli olaraq, bu dəfə xarici təhdidlər də müzakirə mövzusuna çevrilib. İran tarixində bu hal cəmi iki dəfə baş verib”, – deyə Əli Zülfüqaroğlu qeyd edib.
Politoloqun sözlərinə görə, bundan sonrakı mərhələdə İran hakimiyyətinin həm daxili sosial etirazların xarakterini, həm də xarici təhdidləri nəzərə alaraq yürüdəcəyi siyasət ölkənin gələcək taleyini və regiondakı vəziyyəti müəyyən edəcək.