"İran daxili problemləri xarici amillərlə ört-basdır edir" - Arzu Nağıyev

"İran daxili problemləri xarici amillərlə ört-basdır edir" - Arzu Nağıyev
14:32

O, News365.az-a açıqlamasında bildirib ki, müxtəlif proqnozlara əsasən, 1997–2012-ci illərdə anadan olmuş Z nəslinin gələcəkdə iğtişaşlarda və kütləvi etiraz aksiyalarında iştirak etməsi ehtimal olunur. Deputatın sözlərinə görə, bir sıra “məxməri çevrilişlər”də də bu nəsil xüsusi rol oynayıb və bu mövzu tamaşaçılar üçün maraqlı hesab edilir.

Son dövrlər Yaxın Şərqdə müşahidə olunan ictimai gərginliklər, gənclərin etiraz proseslərində artan rolu və baş verən hadisələrin arxasında kimin dayandığı ilə bağlı müzakirələr daha da intensivləşib. Xüsusilə İran ətrafında səsləndirilən “xaricdən idarə olunma” iddiaları fonunda məsələyə fərqli prizmadan yanaşan millət vəkili Arzu Nağıyev mövcud proseslərin yalnız xarici faktorlarla izah edilməsinin doğru olmadığını bildirib.

Arzu Nağıyev qeyd edib ki, xarici məsələlərə istinad edilərkən məhz bu cür proqnozlara əsaslanılır. Son dövrlərdə məscidlərin yandırılması ilə bağlı iddialara toxunan millət vəkili vurğulayıb ki, müsəlman heç vaxt öz məscidini yandırmaz və bu cür halların arxasında xarici qüvvələrin dayanması ehtimalı böyükdür. Onun fikrincə, bu cür addımlar kənardan yönləndirilmiş və öyrədilmiş ola bilər.

Deputat eyni zamanda bildirib ki, İran dövləti siyasətdə atdığı addımlarda demək olar ki, bütün problemləri daim xarici qüvvələrin üzərinə atır. Onun sözlərinə görə, əgər ölkə daxilində idarəçilik sistemi yüksək səviyyədə qurulubsa, xarici qüvvələrin bu proseslərə təsir göstərməsi mümkün olmaz.

“Dünyada müxtəlif dövlətlər var, Azərbaycan da buna nümunədir. İdarəçilik sisteminin necə qurulması artıq göz önündədir. Bu baxımdan, hər şeyi xaricdən idarə olunduğunu demək inandırıcı deyil. Problemin kökü əvvəlcə ölkənin daxilində axtarılmalı, daha sonra açıqlamalar verilməlidir”, – deyə Arzu Nağıyev qeyd edib.

Millət vəkili əlavə edib ki, İran prezidentinin xalqın gələcəyi naminə müəyyən addımlar atmaq istədiyi görünür. Lakin mövcud olan boşluqları yalnız xarici qüvvələrlə əlaqələndirmək düzgün yanaşma deyil.


Sizin reklam burada
Sizin reklam burada