İranda etiraz aksiyaları və kürd məsələsi region ölkələrinin diqqətini çəkir. Kürd məsələsi qarşısı alınmaz proses kimi formalaşsa da, onun təsirini məhdudlaşdırmaq mümkündür və bu, həm İran, həm də Türkiyə üçün strateji əhəmiyyət daşıyır.
News365.az xəbər verir ki, politoloq Turan Rzayev feysbuk səhifəsində İran əyalətlərində keçirilən etiraz aksiyaları və kürd məsələsi ilə bağlı fikirlərini paylaşaraq regiondakı vəziyyəti şərh edib.

O bildirib ki, bəzi təşkilatlar birgə bəyanat yayaraq İlam, Kirmanşah və Loristan əyalətlərində etirazçılara qarşı repressiyaları sərt şəkildə pisləyib və yanvarın 8-də Kürdüstan əyaləti və digər kürdlərin yaşadığı bölgələrdə ümumi tətil aksiyasına çağırış ediblər. Rzayevin sözlərinə görə, İran kürdləri resurs, təşkilatlanma və xarici dəstək baxımından əlverişli mövqedədirlər.
Politoloq qeyd edib ki, kürd məsələsi region ölkələrinin, xüsusilə Türkiyə və İranın yanlış strategiyaları ilə qarşısı alınmaz bir proses kimi formalaşıb. İran hələ ilkin mərhələdə olsa da, İraqın şimalında və Suriyanın şimal-şərqində kürdlər de-fakto dövlət strukturları qurublar. Türkiyədə isə PKK silahı yerə qoysa da, kürdlər siyasi, elmi, sosial və şou-biznes sahələrində aktivdirlər.
Turan Rzayev həmçinin xarici təsirlərə diqqət çəkib. ABŞ və İsrail regionda kürd dövlətinin yaranmasına açıq maraq göstərir. İsrail üçün bu, həm İranın qərb cinahında təzyiq nöqtəsi, həm də ərəb milliçiliyinin zəiflədilməsi vasitəsidir. Eyni məntiq Güney Azərbaycan üçün də keçərlidir; gələcəkdə muxtariyyət və ya müstəqil qurumun olması İsrail üçün strateji əhəmiyyət daşıyır.
Politoloq vurğulayıb ki, regionda kürd dövlətinin yaranması qarşısı alınmaz prosesdir, lakin bu proses məhdudlaşdırıla və idarə oluna bilər. Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi arzuolunan olsa da, İrandan Kürdüstanın qopması qəbul edilən deyil və bu, uzunmüddətli münaqişəyə yol aça bilər.