ABŞ-İran qarşıdurması fonunda Yaxın Şərqdə gərginliyin artması region ölkələrinin təhlükəsizliyi ilə yanaşı, qlobal güclər arasındakı geosiyasi rəqabəti də ön plana çıxarır. Hərbi ekspert Şair Ramaldanov hesab edir ki, proses təkcə İranla məhdudlaşmır və burada Çinlə ABŞ arasındakı strateji rəqabət də mühüm rol oynayır.
News365.az-a açıqlama verən hərbi ekspert bildirib ki, region ölkələrində yerləşən ABŞ hərbi bazalarına ediləcək hücumlar həmin dövlətlərə qarşı yönəlmiş addım kimi qiymətləndirilməməlidir.

“Region ölkələrində ABŞ-ın hərbi bazaları yerləşir. Əgər həmin bazalar hava məkanı və ya digər vasitələrlə hücuma məruz qalırsa, bunu avtomatik olaraq həmin dövlətə qarşı hücum kimi qiymətləndirmək düzgün olmaz. İran dəfələrlə bəyan edib ki, zərbələrini ABŞ-ın hərbi bazalarına endirəcək. Tehran hesab edir ki, məhz həmin bazalardan İrana qarşı hərbi fəaliyyət həyata keçirilir. Buna görə də İranın cavab tədbirlərini bu kontekstdə qiymətləndirmək lazımdır”, – deyə Ş.Ramaldanov bildirib.
Ekspertin sözlərinə görə, Yaxın Şərqdə baş verən proseslərdə əsas amillərdən biri də Çin faktorudur.
“Çini bu prosesdən kənarda düşünmək olmaz. ABŞ-ın əsas məqsədlərindən biri İranın Çinə enerji daşıyıcılarının, xüsusilə də neft ixracına təsir göstərməkdir. İrana endirilən zərbələr birbaşa Tehrana yönəlsə də, strateji baxımdan Çinin zəiflədilməsi məqsədi daşıyır. Çin də bunu çox yaxşı anlayır”, – deyə o qeyd edib.
Ş.Ramaldanov hesab edir ki, ABŞ münaqişədən istədiyi nəticəni əldə edə bilməsə, bu, Vaşinqtonun beynəlxalq nüfuzuna da təsir göstərə bilər.
“Əgər ABŞ İranla bağlı qarşıdurmada istədiyi nəticələri əldə etməsə və bu prosesdə zəifləsə, beynəlxalq siyasi arenadakı təsir imkanları da azalacaq. Bu isə Çinə qarşı təzyiq rıçaqlarının zəifləməsinə səbəb ola bilər”, – ekspert vurğulayıb.
Onun fikrincə, həm Çin, həm də Rusiya ABŞ-ın hərbi və siyasi imkanlarının məhdudlaşmasında maraqlı olan əsas dövlətlər sırasındadır.
“Rusiya və Çin ABŞ-ın hərbi baxımdan zəifləməsində maraqlıdırlar. Çünki bu halda Vaşinqton öz hərbi gücündən istifadə etməklə qlobal maraqlarını əvvəlki səviyyədə təmin edə bilməyəcək”, – deyə Şair Ramaldanov əlavə edib.