"İran məsələsində ABŞ-la fikir ayrılığımız dərindir" – Fikrət Sadıqovdan TƏHLİL

"İran məsələsində ABŞ-la fikir ayrılığımız dərindir" – Fikrət Sadıqovdan TƏHLİL
14:05

ABŞ və İsrail arasında İran məsələsinə yanaşmada ciddi fikir ayrılığı mövcuddur.

Politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında bildirib ki, tərəflərin mövqeləri xüsusilə İranın nüvə proqramı və regiondakı fəaliyyətləri ilə bağlı fərqlənir.


Onun sözlərinə görə, ABŞ daha mötədil siyasət yürütməyə çalışır:

“ABŞ hesab edir ki, müəyyən məqsədlərə çatıb, İranın hərbi potensialını zəiflədib, sosial-iqtisadi vəziyyətinə ciddi əngəllər yaradıb, neft hasilatında problemlər formalaşdırıb. Bununla bağlı müəyyən memorandum imzalanıb və həmin memorandumun həyata keçirilməsi ABŞ-la İran arasında münasibətlərin hazırkı səviyyədə saxlanmasına şərait yaradır”.

Politoloq qeyd edib ki, İsrail isə tamamilə fərqli mövqe sərgiləyir və İrana qarşı daha sərt addımların tərəfdarıdır:

“İsrail hesab edir ki, İran bundan sonra da vurulmalıdır. Onlar İrana qarşı daha radikal mövqedədirlər. Əsas hədəfləri Hizbullah, Hamas və İranın nüvə proqramıdır”.

F.Sadıqovun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu da çıxışlarında ABŞ-la fikir ayrılığını gizlətmir:

“Netanyahu deyir ki, ailədə belə fikir ayrılığı ola bilər. Amma diqqət yetirin, ABŞ-la İran arasında imzalanan memorandumu tanımır və bildirir ki, orada İsrailə aid heç bir maddə yoxdur. Bu isə faktiki olaraq ABŞ-ın diplomatik addımlarının inkar edilməsi deməkdir”.

Politoloq əlavə edib ki, mövcud vəziyyət tərəflər arasında münasibətlərin tamamilə pozulacağı anlamına gəlməsə də, fikir ayrılıqları kifayət qədər dərindir:

“Bu o demək deyil ki, onlar düşmən olacaqlar. Amma məsələ ilə bağlı fikir ayrılığı kifayət qədər dərindir”.


Sizin reklam burada
Sizin reklam burada