İlham Əliyevin Daşkənd mesajı: Azərbaycan Mərkəzi Asiyanın Avropaya açılan qapısıdır

İlham Əliyevin Daşkənd mesajı: Azərbaycan Mərkəzi Asiyanın Avropaya açılan qapısıdır
15:59

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) geniş müsahibə verib.

Ölkə başçısının verdiyi müsahibə təkcə Azərbaycan–Özbəkistan münasibətlərinə həsr olunmuş diplomatik söhbət deyil. Müsahibənin ümumi məntiqindən görünür ki, burada Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni geosiyasi modelinin təqdimatı əsas xətti təşkil edir..

Azərbaycanın Mərkəzi Asiyaya baxışı dəyişir

Prezidentin müsahibəsində ən diqqətçəkən məqam Azərbaycanı Mərkəzi Asiyadan ayrı bir coğrafi məkan kimi deyil, Xəzər üzərindən Mərkəzi Asiya ilə birləşən vahid geosiyasi və iqtisadi məkanın parçası kimi təqdim etməsidir. Bu, təsadüfi yanaşma deyil.

Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə siyasi münasibətləri intensivləşdirib. Prezidentin sözlərinə görə, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 dəfə səfər edib, İlham Əliyev isə həmin müddətdə region ölkələrinə 13 səfər edib.

Bu rəqəmlər göstərir ki, Bakı üçün Mərkəzi Asiya artıq yalnız diplomatik əməkdaşlıq istiqaməti deyil, xarici siyasətin strateji vektorlarından biridir.

Özbəkistan – xüsusi strateji tərəfdaş

Müsahibədə Özbəkistanla münasibətlərə xüsusi yer ayrılması da diqqət çəkir. İlham Əliyev iki ölkə münasibətlərini ən yüksək səviyyə — müttəfiqlik münasibətləri kimi xarakterizə edir. Son bir il yarım ərzində Şavkat Mirziyoyevin Azərbaycana beş dəfə səfər etməsi münasibətlərin intensivliyini göstərən mühüm fakt kimi təqdim olunur:

“İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır”- deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.

Burada diplomatik protokoldan daha artıq məna var. Bakı və Daşkənd arasında formalaşan münasibətlər türk dünyasında iki mühüm geosiyasi mərkəzin yaxınlaşması deməkdir.

Azərbaycan Xəzərin qərb sahilində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində yerləşməklə bir-birini tamamlayan strateji mövqeyə malikdir. Bu baxımdan münasibətlərin inkişafı Türkiyə–Azərbaycan–Mərkəzi Asiya xəttinin güclənməsinə də xidmət edir.

Orta Dəhliz müsahibənin əsas iqtisadi mesajıdır

Müsahibənin ən mühüm istiqamətlərindən biri nəqliyyat və logistika məsələsidir.

İlham Əliyev Orta Dəhlizin Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını vurğulayır. Azərbaycan bu marşrutda Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit həlqə kimi təqdim edilir.

2024-cü ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcmi əvvəlki illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında isə təxminən 1 milyon ton təşkil edib.

Bu rəqəmlərin arxasında daha böyük geoiqtisadi proses dayanır: Mərkəzi Asiyanın dənizə çıxışında Azərbaycan əsas qapılardan birinə çevrilmək istəyir.

Ələt limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Xəzər dənizində Azərbaycan ticarət donanması və digər infrastruktur layihələri bu strategiyanın maddi bazasını formalaşdırır. Prezident həmçinin Zəngəzur dəhlizinin açılmasının Mərkəzi Asiya dövlətləri üçün də faydalı olacağını xüsusi vurğulayır.

Ticarətdən daha böyük hədəf

Müsahibədə Azərbaycan–Özbəkistan ticarət dövriyyəsinin sürətlə artması da ön plana çəkilir. 2024-cü ildə ticarət dövriyyəsi 252 milyon dollar olduğu halda, 2025-ci ilin yanvar-sentyabrında 319 milyon dollara yüksəlib — illik müqayisədə 87,5 faiz artım. Bundan başqa, iki ölkənin yaratdığı Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin kapitalı 500 milyon dollardır.

Bu göstəricilər hələ iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Əsas məsələ bundan sonrakı mərhələdə ticarətin istehsal, investisiya, logistika və texnologiya əməkdaşlığına çevrilməsidir.

Xankəndidə Azərbaycan və Özbəkistanın birgə tikiş fabrikinin yaradılması bu baxımdan simvolik olmaqla yanaşı, Qarabağın iqtisadi reinteqrasiyası ilə Mərkəzi Asiya kapitalının əlaqələndirilməsinə nümunədir.

Enerji əməkdaşlığı yeni mərhələyə keçir

Müsahibənin digər mühüm mesajı enerji sahəsində əməkdaşlığın yalnız neft və qazla məhdudlaşmamasıdır.

Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji mənbələrinin təşviqi istiqamətində strateji sənədlər imzalayıblar.

Bu, gələcəkdə Xəzər hövzəsi ilə Mərkəzi Asiyanın vahid enerji və nəqliyyat sistemində daha sıx bağlanması üçün zəmin yarada bilər.

Türk dünyası amili

Müsahibənin siyasi əhəmiyyətini artıran başqa bir məqam Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatındakı roludur. İlham Əliyev iki ölkənin türk birliyinin möhkəmləndirilməsinə töhfəsini xüsusi qeyd edir.

Burada söhbət yalnız mədəni yaxınlıqdan getmir. Türk dövlətləri arasında nəqliyyat, enerji, ticarət, rəqəmsal iqtisadiyyat və investisiya əlaqələri dərinləşdikcə Türk Dövlətləri Təşkilatı iqtisadi və geosiyasi platforma kimi daha böyük çəkidə çıxış edə bilər.

Azərbaycanın bu prosesdə üstünlüyü isə Xəzər üzərindən Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən coğrafi mövqeyidir.

Qarabağ məsələsində Özbəkistanın mövqeyi

İlham Əliyevin müsahibəsində Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək ayrıca vurğulanır. Prezident Mirziyoyevin Qarabağın yenidən qurulmasına yardım təşəbbüsünü irəli sürən ilk lider, Özbəkistanı isə bu istiqamətdə ilk ölkə kimi qeyd edir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi bunun konkret nümunəsidir.

Bu məqamın siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan üçün Qarabağ artıq yalnız müharibədən sonrakı bərpa layihəsi deyil, xarici tərəfdaşların Azərbaycanla uzunmüddətli iqtisadi və siyasi əlaqələrinin göstəricisinə çevrilir.

Müsahibənin əsas mesajı

Azərbaycan özünü yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Xəzər–Mərkəzi Asiya–Türkiyə–Avropa xəttində mühüm geosiyasi və logistika mərkəzi kimi təqdim edir.

Özbəkistanla münasibətlər isə bu strategiyanın ən mühüm dayaqlarından biridir. Çünki Bakı ilə Daşkənd arasında siyasi etimad, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, enerji layihələri və humanitar əlaqələr paralel şəkildə inkişaf edir. Müsahibədə iki ölkə arasında diplomatik münasibətlərin 30-cu ildönümü, müttəfiqlik münasibətləri və qarşılıqlı layihələr bu çoxşaxəli əlaqənin əsas göstəriciləri kimi təqdim olunur.

Nəticə etibarilə, bu müsahibə Azərbaycan xarici siyasətinin yeni coğrafiyasını göstərir: Bakı artıq Mərkəzi Asiyaya kənardan baxan dövlət deyil, həmin regionun Avropa və qlobal bazarlarla əlaqələndirilməsində iştirak edən əsas aktorlardan biri kimi çıxış edir. Bu baxımdan İlham Əliyevin UzA-ya müsahibəsi həm Azərbaycan–Özbəkistan münasibətlərinin, həm də Azərbaycanın Mərkəzi Asiya strategiyasının siyasi təqdimatı kimi qiymətləndirilə bilər

News365.az


Sizin reklam burada
Sizin reklam burada