Hörmüz boğazında faktiki nəzarət İranın əlinə keçdi - MÜHÜM AÇIQLAMA

Hörmüz boğazında faktiki nəzarət İranın əlinə keçdi - MÜHÜM AÇIQLAMA
15:02

Yaxın Şərqdə baş verən son hadisələr və Hörmüz boğazı ətrafında yaranan gərginlik yenidən beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Politoloq Elçin Alıoğlu hesab edir ki, bölgədə baş verən dəyişikliklər əslində İranın mövqelərini daha da gücləndirib.

O, News365.az-a açıqlamasında bildirib ki, müharibədən əvvəl Hörmüz boğazına İran tam nəzarət etmirdisə, hazırda vəziyyət dəyişib:

“Əvvəllər Hörmüz boğazı İranın tam nəzarətində deyildi. İndi isə faktiki olaraq nəzarət İranın əlindədir”.

Politoloqun sözlərinə görə, ABŞ-nin bölgədə sürətləndirilmiş keçidlərə nəzarət etmək istəyi Tehran tərəfindən asan qəbul olunmayacaq:

“ABŞ sürətləndirilmiş keçidlərə nəzarət etmək istəyir. İran isə buna tam razı olmayacaq. Çünki bu keçid çox dar ərazidən keçir və tanker hərəkətləri strateji əhəmiyyət daşıyır”.

Elçin Alıoğlu qeyd edib ki, tanker şirkətləri təhlükəsizlik baxımından müəyyən marşrutlardan istifadə etməyə məcbur qalacaq:

“Tankerlər riskdən yayınmaq üçün İranın müəyyən etdiyi marşrutlarla hərəkət edəcək və nəticədə Tehrana qeyri-rəsmi ödənişlər ediləcək”.

Politoloq İran üçün yaradılması müzakirə olunan 300 milyard dollarlıq fond məsələsinə də toxunub. O bildirib ki, bu vəsaitin ABŞ tərəfindən maliyyələşdirilməsi gözlənilmir:

“ABŞ həmin fonda bir sent belə vəsait qoymayacaq. Pulların əsas hissəsini Fars körfəzi ölkələri ödəyəcək”.

Onun fikrincə, fondun rəsmi məqsədi fərqli təqdim olunsa da, reallıq tamam başqadır:

“Rəsmi olaraq bu, bərpa və ya yardım fondu kimi təqdim ediləcək. Amma mahiyyət etibarilə Körfəz ölkələrinin İrana qarşı təhlükəsizlik təminatı almaq üçün ödədiyi vəsait olacaq”.



Sizin reklam burada
Sizin reklam burada