Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Babək və Şahbuz rayonlarının müxtəlif ərazilərində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görülüb və hadisə yerlərinə baxış keçirilib.

Aşkar edilmiş sursatlar arasında 1 ədəd 76 mm-lik BR-350 və 1 ədəd 85 mm-lik BR-365 zirehdələn top mərmisi, 2 ədəd PQ-7 idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7.62 mm-lik mərmisi, 23 ədəd 5.45 mm-lik mərmi, 29 ədəd AKM-74 silahının 7.62 mm-lik mərmisi, 1 ədəd 30 mm-lik AQS-17 silahının mərmisi, 1 ədəd RPQ-7 qumbarası, 2 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 30 mm-lik AQS-17M silahının mərmisi olub.

Bütün aşkar edilmiş sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülüb və təhlükəsiz yerə kənarlaşdırılıb.