Azərbaycan dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarşıdakı illərdə əsas hədəf yalnız təbii ehtiyatların hasilatı deyil, onların ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyər yaratması olacaq. Bu isə qeyri-neft sektorunun genişləndirilməsi və yeni sənaye sahələrinin formalaşdırılması baxımından mühüm istiqamət kimi qiymətləndirilir.
Politoloq Turan Rzayev bunu News365.az-a açıqlamasında deyib.
O bildirib ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan 2027–2030-cu illər üçün Dövlət Proqramı da məhz bu yanaşmanı ortaya qoyur. Rzayevin sözlərinə görə, yataqların aşkarlanması və filizin çıxarılması ilə kifayətlənmək əvəzinə, hasilat, zənginləşdirmə, emal və son məhsul istehsalını əhatə edən vahid sənaye zəncirinin yaradılması nəzərdə tutulur.

“Daha çox xammal hasil etmək deyil, bu xammalı ölkə daxilində daha çox emal etmək və yüksək əlavə dəyər yaratmaq əsas məqsəddir. Filizi xammal şəklində ixrac edən ölkə ilə həmin resursdan metal, yarımfabrikat və sənaye məhsulu istehsal edən ölkənin əldə etdiyi iqtisadi gəlir arasında ciddi fərq var”, - deyə politoloq bildirib.
Onun sözlərinə görə, Dövlət Proqramında qarşıya qoyulan hədəflər də sektorun iqtisadi çəkisinin artırılmasına hesablanıb. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması planlaşdırılır. Bu məqsədlər üçün 5,3 milyard manat investisiya nəzərdə tutulub. İnvestisiyanın təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılması gözlənilir.
Turan Rzayev hesab edir ki, işğaldan azad edilmiş ərazilərin proqramda xüsusi yer alması da iqtisadi baxımdan əhəmiyyətlidir. Kəlbəcər, Ağdərə, Zəngilan və digər ərazilərdəki mineral ehtiyatların dövriyyəyə cəlb olunması ilə yanaşı, burada zənginləşdirmə və emal müəssisələrinin yaradılması regionlarda sənaye fəaliyyətinin genişlənməsinə şərait yarada bilər.
Politoloq bildirib ki, Azərbaycanın enerji və nəqliyyat infrastrukturu da yeni sənaye siyasəti üçün mühüm baza formalaşdırır. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və sənaye parklarının mövcudluğu mineral resursların emalı və məhsulların xarici bazarlara çıxarılması baxımından əlavə imkanlar yaradır. Dövlət sənədində də Azərbaycanın zəngin mineral ehtiyatları, enerji təminatı və Orta Dəhliz üzərində yerləşməsi əsas üstünlüklər sırasında göstərilir.
Rzayevə görə, məsələnin digər mühüm tərəfi qlobal bazarda strateji metallara artan tələbatdır. Mis, alüminium və digər metalların enerji keçidi, elektromobillik, enerji saxlama sistemləri və yüksək texnologiyalar üçün əhəmiyyətinin artması bu resursları təkcə xammal deyil, strateji iqtisadi aktivə çevirir.
“Azərbaycanın qarşısında duran əsas məsələ yataqların mövcudluğundan daha çox həmin resurslardan necə istifadə edilməsidir. Əgər filiz hasil olunur və emal olunmadan ixrac edilirsə, yaradılan əlavə dəyərin əhəmiyyətli hissəsi ölkədən kənarda formalaşır. Buna görə də xammaldan son məhsula qədər dəyər zəncirinin Azərbaycanda qurulması əsas hədəflərdən biridir”, - deyə politoloq vurğulayıb.
Turan Rzayev “Filizçay” yatağı ilə bağlı yanaşmanın da bu strategiyanın bir hissəsi olduğunu qeyd edib. Dövlət Proqramında yataqdakı mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin “Dəmirli” yatağında əlavə mis ehtiyatlarının istifadəsi, “Zəylik” alunit yataqlarının alüminium dəyər zəncirinə cəlb edilməsi və yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanları araşdırılır.
“Bu yanaşma Azərbaycanın yalnız xammal istehsalçısı kimi deyil, mineral resursların emal edildiyi və yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsal olunduğu ölkə kimi mövqeyini gücləndirə bilər. Dövlət Proqramının əhəmiyyəti də məhz burada ortaya çıxır”, - deyə Rzayev əlavə edib.