Universitetlərin distant təhsili Bakının tıxacını həll edəcək?

Universitetlərin distant təhsili Bakının tıxacını həll edəcək?
14:40

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi şəhərin nəqliyyat yükünü yenidən gündəmə gətirib. Bu səbəbdən paytaxtda fəaliyyət göstərən ali təhsil müəssisələrində tədrisin bir neçə gün distant formada təşkil olunmasına qərar verilib. Lakin ekspertlər bunun şəhərdəki sıxlığın aradan qaldırılması üçün yetərli olmadığını düşünür.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Formula 1 yarışları ilə əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, 23-25 sentyabr tarixlərində universitetlərdə tədris prosesi distant formada keçiriləcək.

Nazirlik həmçinin qeyd edib ki, hazırda ali təhsil müəssisələrində tədrisin distant və ya hibrid formada təşkili ilə bağlı əlavə qərar yoxdur. Belə bir qərar qəbul ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Təhsil eksperti Məzahir Məmmədli məsələ ilə bağlı News365.az-a açıqlamasında distant təhsilin nəqliyyat sıxlığının azalmasına müəyyən qədər kömək edə biləcəyini deyib. Onun fikrincə, bununla belə, yalnız tələbələrin bir neçə günlük distant təhsilə keçirilməsi şəhərdəki nəqliyyat probleminin köklü həlli deyil.

Ekspert bildirib ki, son illərdə hər tədris ili ərəfəsində universitetlərin şəhərdən kənara köçürülməsi və tədrisin distant formada təşkili ilə bağlı müxtəlif təkliflər səsləndirilir.

“Distant təhsilin həm zərərli, həm də faydalı tərəfləri var. Faydalarından biri müəyyən sıxlığın qarşısının alınmasına imkan yaratmasıdır. Eyni zamanda universitetlərdə auditoriya çatışmazlığının aradan qaldırılmasına müəyyən dəstək verə bilər. Ali təhsil müəssisələrində humanitar fənlərin distant keçirilməsi ilə bağlı uzun illərdir müzakirələr aparılır. Lakin bu məsələ qanunvericilikdə öz əksini tapmadı və Elm və Təhsil Komitəsində də müzakirə səviyyəsində qaldı”, - deyə M.Məmmədli bildirib.

O vurğulayıb ki, 23-25 sentyabr tarixlərində tətbiq ediləcək distant təhsil şəhərdəki sıxlığı müəyyən qədər azalda bilər, lakin problemi tam aradan qaldırmayacaq.

“Artıq şəhər infrastrukturunda dəyişikliklərə ehtiyac var. Tələbələrin distant təhsilə keçməsi müəyyən təsir göstərə bilər, amma Bakıdakı nəqliyyat sıxlığının tam həlli üçün bu kifayət deyil”, - ekspert qeyd edib.

M.Məmmədlinin sözlərinə görə, xüsusilə bu il universitetlərə qəbul olunan tələbələr üçün nəqliyyat problemi əlavə çətinliklər yaradır. Uzun müddət yolda qalmaq tələbələrin dərslərə gecikməsinə və universitetdə davamiyyətlə bağlı problemlərlə üzləşməsinə səbəb ola bilər.

“Universitetlərdə artıq qayıb limiti müəyyənləşdirilib. Buna görə də tədris ili ərzində nəqliyyatda itirilən vaxt bəzi tələbələr üçün ciddi nəticələr yarada bilər. İlin sonunda müəyyən tələbələr imtahana buraxılmaya, digərləri isə davamiyyətlə bağlı çətinliklərlə qarşılaşa bilərlər”, - deyə ekspert əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada