Yevlax rayonunda 46 yaşlı kişi həmyerlisi olan qadına təcavüz etməkdə ittiham olunub.
News365.az-ın məlumatına görə, hadisə 23 avqust 2024-cü il tarixdə Yevlax rayonunun kəndlərindən birində baş verib.
Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Taleh həmin gün, gecə saat 02 radələrində yaşadığı Yevlax rayonunun kəndində yerləşən evdə olan zaman qonşuluqda yaşayan, 1998-ci il təvəllüdlü, evli, iki azyaşlı uşağı olan Gülnarənin (adlar şərtidir – red.) ərinin evdə olmadığını bilib. O, qadının yaşadığı mənzilə girərək, onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlib.
Məhkəmə sənədlərinə görə, o, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evdən çıxıb və Gülnarənin yaşadığı evin birinci mərtəbəsinin qonaq otağının pəncərəsinin qarşısına gəlib. 46 yaşlı kişi zor tətbiq etməklə pəncərənin şüşəsini sındırıb və içəri daxil olub.
Bundan sonra pilləkənlər ilə evin ikinci mərtəbəsinə çıxaraq Gülnarənin azyaşlı uşaqları ilə birlikdə eyni çarpayıda yatdığı yataq otağına girib və qadını silkələyərək yuxudan oyadıb.
Bu zaman qadın yuxudan ayılaraq Talehi görüb və qorxusundan qışqırmaq istəyib. Amma 46 yaşlı kişi qadının boğaz və ağız nahiyəsindən tutaraq ona zor tətbiq edib. O, özündə olan bıçaqla öldürəcəyi ilə hədələyib və onunla cinsi əlaqədə olmağı təklif edib.
Bu vaxt 28 yaşlı qadının azyaşlı uşaqları səs-küyə oyanaraq ağlamağa başlayıb və bundan sonra Talehin diqqətinin yayınmasından istifadə edərək onun əlindən çıxıb, qaçmaq istəyib.
Taleh isə yenidən öz hərəkətlərini davam etdirib və qadını saxlayaraq zor tətbiq etməklə döşəməyə uzadıb, müqavimətini qırmaq məqsədilə bədəninin müxtəlif yerlərindən sıxıb. Zərərçəkmiş qadın ona aktiv müqavimət göstərib və onun əlindən çıxaraq pilləkənlərlə birinci mərtəbəyə doğru qaçıb. Qadının kömək edilməsi üçün uca səslə qışqırmasına görə ora qonşular və qohumlar gəlib. Vəziyyətin belə yarandığını görən 46 yaşlı kişi isə istəyinə nail ola bilməyib.
Talehin barəsində Cinayət Məcəlləsinin 29,149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamağa cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Amma o, ziddiyyətli ifadələr verməklə özünü təqsirli hesab etməyib.
Taleh ifadəsində göstərib ki, zərərçəkmiş Gülnarə və onun əri Camalı tanımayıb. O, zərərçəkmiş şəxsin evinə girmədiyini deyib.
Amma ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunduqdan sonra təqsirləndirilən şəxs həmin ifadəni təsdiq edib-etməməsi ilə bağlı suala da ziddiyyətli cavab verib. O, əvvəlcə ifadəsini təsdiq etdiyini bildirib, səsinin audioyazıya düşməsi üçün daha yüksək səslə cavab verməsi bildirildikdə isə ifadəsini təsdiq etmədiyini deyib.
Taleh ifadəsində zərərçəkmiş şəxsin onunla ədavət və düşmənçiliyinin olub-olmamasını bilmədiyini, kimsəsiz olduğundan, ata-anası olmadığından hadisəni onun boynuna qoyulduğunu bildirib.
Ziddiyyətli ifadələr verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan olunaraq tədqiq edilib. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü təqsirli bilib və göstərib ki, Yevlax rayonunun kəndində tək yaşayır:
"Gözümdə olan xəstəliklə əlaqədar 2-ci qrup əliləm. Arabir fəhləlik edərək pul qazanıram və pensiya alıram. Anam və bacım Bakı şəhərində yaşayırlar. Uzun müddətdir ki, onlarla heç bir əlaqəm yoxdur. Yaşadığım evin qonşuluğunda Camal və arvadı Gülnarə öz övladları ilə birlikdə yaşayırlar. Onlar təxminən 5 ilə yaxındır ki, evlidirlər. Gülnarə gənc və gözəl gəlindir. Mənim ondan xoşum gəlib. Lakin ona bu barədə heç bir söz deməmişəm".
Təqsirləndirilən şəxs bildirib ki, Camal Bakı şəhərində yaşadığı üçün uzun müddət orada olub, ayda bir neçə dəfə evinə gəlib:
"Qonşulardan Camalın hadisədən təxminən 10 gün əvvəl Bakı şəhərinə getdiyini eşitdim. Gülnarə övladları ilə birlikdə evində tək yaşayıb. Məlum hadisədən əvvəl, günorta saatlarında evə gedən zaman Gülnarəni gördüm. Həmin vaxt Camal həyətdə paltar yuyurdu. Daha sonra kənddə olan dəmir yolunun yaxınlığına getdim. Mən günün çox hissəsini dəmir yolun kənarında oldum. Saat 19 radələrində dəmir yolun yaxınlığında olan zaman həmkəndlilərim Ramil, Elşən və Sahib avtomobili ilə mənim yaxınlığımda dayanaraq söhbət etdilər və mənə kafelərdən birinə gedərək balıq yeyib, spirtli içki qəbul edəcəklərini dedilər. Mən onların söhbətini eşitdikdən sonra xahiş etdim ki, məni də özləri ilə birlikdə aparsınlar. Sahib məni aparmaq istəmədi. Lakin Ramilin razılığı ilə onlarla birlikdə kafedə yeyib-içdik. Orada sərxoş vəziyyətə düşdüm. Biz 2 litr araq içdikdən sonra Sahib hesabı ödədi və kafedən çıxdıq".
Talehin sözlərinə görə, daha sonra avtomobillə öz yaşadıqları kəndinə geri qayıdıblar:
"Bundan sonra öz evimə gəldim, digərləri də öz evlərinə getdilər. Evə gəldikdən sonra sərxoş vəziyyətdə Gülnarənin evdə tək olduğunu bildiyim üçün onun evinə gedərək əlaqədə olmaq istədim. Gecə saat 02 radələrində yaşadığım evdən çıxaraq Gülnarənin yaşadığı evin qarşısına getdim. Bir neçə dəfə Gülnarənin evinə çörək almaq üçün getdiyim üçün evlərini təxminən tanımışam. Gülnarəgilin yataq otağı 2-ci mərtəbədə olub. Evin giriş qapısının bağlı olduğunu bilmişəm. Ona görə də qapının yanında olan pəncərənin şüşəsinin mismarını əydim və şüşəni arxaya doğru itələdim. Şüşə evin içərisinə doğru düşərək sındı. Bundan sonra həmin pəncərədən evin içərisinə daxil oldum".
Təqsirləndirilən şəxs deyib ki, daha sonra solda olan pilləkən ilə evin ikinci mərtəbəsinə qalxıb və ikinci mərtəbəyə qalxan kimi sağ tərəfdə olan otağa daxil olub, daha sonra da içəridə olan digər otağa girib:
"Gülnarə həmin vaxt çarpayıda yatmışdı. Otaq isə qaranlıq idi. Gülnarənin yanında kiminsə yatdığını görmədim. Bundan sonra Gülnarənin sağ qolunu silkələyərək oyatdım. Gülnarə oyandıqdan sonra qışqırmasın deyə sağ əlim ilə onun boğazından, sol əlim ilə də ağzından tutdum. Həmin vaxt ona bildirdim ki, əlaqədə olmaq istəyirəm. Həmçinin Gülnarəni qorxutmaq üçün əgər səsini çıxarsan, bıçaqlayaraq öldürəcəyimi dedim. Əslində isə həmin vaxt üzərimdə heç bir bıçaq olmayıb. Bundan sonra qadının uşaqları oyandı və qışqırmağa başladılar. Bu vaxt Gülnarə əlimdən qaçmaq istəyən zaman onu tutaraq arxası üstə döşəməyə uzatdım, ağzından tutdum ki, qışqırmasın. Yenə də ona əlaqədə olmaq istədiyimi bildirdim. Həmçinin qorxutmaq üçün yenə əgər səsini çıxarsa, bıçaqlayaraq öldürəcəyimi dedim. O isə müqavimət göstərərək əlimdən çıxmağa çalışdı. Sonra əlimdən çıxaraq qışqırdı, kömək istəməyə və ayağı ilə döşəməyə vurmağa başladı. Bundan sonra hələ də uşaqlar ağlayaraq qışqırdılar. Bir anlıq fikrim uşaqlara yayınca Gülnarə qaçaraq pilləkənə doğru getməyə başladı. Mən də Gülnarənin arxasınca yüyürdüm. Gülnarə pilləkən ilə aşağı endi və giriş qapısının üzərində olan açarla qapını açdı. Həmin vaxt mən də Gülnarəyə çatdım. Qapı açılan kimi bir nəfər oğlan və iki qadın üzərimə yüyürdü. Həmin oğlan mənə zərbələr endirərək saxladı. Sonra digər qonşular oraya toplaşdılar. Təxminən bir müddət sonra polis əməkdaşları gələrək məni şöbəyə apardılar".
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./// demokrat.az