Mansur Yavaşdan gözlənilməz qərar – CHP-dən ayrıldı

Mansur Yavaşdan gözlənilməz qərar – CHP-dən ayrıldı
15:40

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılıb. Yavaş qərarını sosial media hesabında açıqlayıb və bundan sonra Ankara meri kimi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bildirib.

Yavaş istefasının emosional qərar olmadığını vurğulayıb. O bildirib ki, siyasətdə bəzi qərarlar uzun müddət nəzərdən keçirildikdən, məsuliyyəti dərk edildikdən sonra qəbul edilir.

Onun sözlərinə görə, 19 martdan başlayan və CHP-nin qurultayı ilə bağlı hüquqi-siyasi müzakirələrlə davam edən proses Türkiyə siyasətində ciddi fikir ayrılıqlarına səbəb olub.

Yavaş qeyd edib ki, bu müddət ərzində mövqeyini və etirazlarını açıq şəkildə ifadə edib. O, hazırkı qərarının da əvvəlki mövqeyi ilə ziddiyyət təşkil etmədiyini bildirib.

Ankara meri vurğulayıb ki, onun üçün əsas məsələ seçicilərin etimadını qorumaq və üzərinə götürdüyü bələdiyyə məsuliyyətini yerinə yetirməkdir.

“Partiya üzvü olaraq başa düşdüyüm məsuliyyət etibar edən insanları məyus etməmək, təmsil etdiyim siyasi quruma millətin gözündə nüfuz qazandırmaq və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməkdir”, - deyə Yavaş bildirib.

O, bundan sonra da siyasi baxışından və ona səs verib-verməməsindən asılı olmayaraq bütün Ankara sakinlərinə eyni münasibətlə xidmət edəcəyini açıqlayıb.

“Bələdiyyə başçısı vəzifəsi mənim üçün siyasi karyerada pilləkən deyil, millətin əmanətidir. Vəzifələr müvəqqətidir, siyasi şərtlər dəyişə bilər. Amma millətin sizə verdiyi etimada sədaqət dəyişməz olaraq qalır”, - deyə Yavaş qeyd edib.

Mansur Yavaş qərarının bütün məsuliyyətini üzərinə götürdüyünü və bundan sonrakı fəaliyyətində də Ankara sakinlərinin etimadını qorumağa davam edəcəyini bildirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada