“Möcüzə dərman yoxdur” – Pediatrdan valideynlərə xəbərdarlıq

“Möcüzə dərman yoxdur” – Pediatrdan valideynlərə xəbərdarlıq
15:20

Payız-qış mövsümündə uşaqların virus infeksiyalarına daha çox yoluxması valideynlərin əsas narahatlıqlarından birinə çevrilir. Bu dövrdə bir çox valideyn uşağın immunitetini gücləndirmək üçün müxtəlif preparatlara üz tutur. Pediatr isə immun sistemini bir anda “gücləndirən” möcüzəvi dərmanın olmadığını bildirir.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı uşaqların immun sisteminin qorunması ilə bağlı valideynlərə tövsiyələr verib.

Pediatrın sözlərinə görə, uşağın immun sistemi üçün əsas şərtlərdən biri düzgün həyat tərzinin erkən yaşlardan formalaşdırılmasıdır. Onun fikrincə, uşağın gündəlik rejimi düzgün qurulduqda immun hüceyrələri öz funksiyalarını daha səmərəli yerinə yetirə və orqanizm viruslarla mübarizə apara bilər.

Günay Salehova xüsusilə qidalanmaya diqqət çəkib. O bildirib ki, uşağın gündəlik rasionunda zülal və proteinlə zəngin məhsullar, sink və omeqa-3 mənbələri, həmçinin bağırsaq florasının normal fəaliyyətini dəstəkləyən qidalar olmalıdır.

Pediatr bağırsaq sağlamlığının immun sisteminin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Uşaqların immun sisteminin formalaşması üçün ilk növbədə bağırsaq florasının fəaliyyəti normal olmalıdır. Normal bağırsaq florası olduqda immun hüceyrələrin fəaliyyəti də aktiv olur”, - deyə o bildirib.

Günay Salehova tez-tez virus infeksiyalarına yoluxan uşaqlar üçün qripə qarşı vaksinasiyanın da nəzərdən keçirilməsini tövsiyə edib. Onun sözlərinə görə, 6 aydan yuxarı uşaqlara hər il qrip vaksini vurula bilər.

Pediatr uşaqların infeksiyalardan qorunmasında gigiyenanın və gündəlik rejimin də mühüm rol oynadığını qeyd edib. Xüsusilə məktəb və bağçalarda uşaqların sıx təmasda olması virusların yayılmasını asanlaşdırır.

“Əllərin düzgün yuyulması və uşaqların mütəmadi olaraq açıq havada gəzdirilməsi gündəlik vərdişə çevrilməlidir”, - deyə Salehova vurğulayıb.

O əlavə edib ki, uşaqların virus infeksiyalarından qorunması yalnız valideynlərin məsuliyyəti ilə məhdudlaşmır. Bu prosesdə müəllimlərin, tərbiyəçilərin və ümumilikdə cəmiyyətin də üzərinə mühüm vəzifələr düşür.

News365.az


Sizin reklam burada
Sizin reklam burada