Hamiləlik dövründə qadının sağlamlıq keçmişi həm ana, həm də körpənin təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.
Mütəxəssislər bildirirlər ki, ilk həkim müayinəsində keçirilmiş bütün xəstəliklər barədə ətraflı məlumat verilməsi gələcək risklərin qarşısını almaqda vacib rol oynayır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ginekoloq Nigar Axundova News365.az-a qeyd edib ki, bəzi qadınlar əvvəl yaşadıqları sağlamlıq problemlərini önəmsiz hesab edir və ya müxtəlif səbəblərdən gizlədirlər. Halbuki, şəkərli diabet, yüksək arterial təzyiq, böyrək və sidik yolları xəstəlikləri kimi problemlər hamiləlik zamanı ciddi ağırlaşmalara səbəb ola bilər.
Onun sözlərinə görə, xüsusilə yüksək təzyiq nəzarətsiz qaldıqda dölün inkişafında ləngimə, erkən doğuş və ya düşük riski yaradır. Eyni zamanda ana üçün preeklampsiya, eklampsiya, HELLP sindromu və güclü qanaxma kimi həyati təhlükəli hallar ortaya çıxa bilər.
Mütəxəssis vurğulayıb ki, sidik yolları və böyrək xəstəlikləri də xüsusi diqqət tələb edir. Belə problemlər vaxtında müalicə olunmadıqda həm ana sağlamlığına mənfi təsir göstərir, həm də körpədə bətndaxili infeksiya və neonatal sepsis kimi ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən böyrək problemi olan hamilələrin uro-nefroloq nəzarətində olması tövsiyə edilir.
Psixoloji və nevroloji xəstəliklərin də hamiləlik dövründə diqqətdən kənarda qalmamalı olduğu bildirilib. Depressiya, epilepsiya və digər nevroloji pozuntular bəzi hallarda hamiləlik zamanı daha da kəskinləşə bilər. Həkimlərin fikrincə, belə qadınlara həm ailə üzvləri, həm də tibb personalı tərəfindən psixoloji dəstək göstərilməli, lazım gəldikdə isə nevroloq müayinəsinə yönləndirilməlidirlər.