Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi "Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin növbəti mərhələsinin icrasını davam etdirir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində İmişli şəhərində geniş tərkibli tədbirlər təşkil olunub.
İmişli Rayon İcra Hakimiyyətinin konfrans zalında və rayonun Hacımuradlı kənd klubunda yerli icmaların iştirakı ilə seminarlar keçirilib. Tədbirləri giriş sözü ilə açan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli layihənin məqsəd, vəzifə və hədəfləri barədə iştirakçılara ətraflı məlumat verib. O, deportasiya və soyqırımların Azərbaycan və türk dilli xalqların tarixində buraxdığı ağır izlərdən danışıb. İ.Hüseynli həmçinin təşkilati dəstəyə görə İmişli Rayon İcra Hakimiyyətinə və Hacımuradlı kənd klubunun rəhbərliyinə minnətdarlığını bildirib. Seminarlarda İmişli RİH-nin əməkdaşı Məhəmmədəli Sarıyev və kənd klubunun müdiri Rövşən İbişli qonaq qismində iştirak ediblər.
Daha sonra təşkilatın Hüquq departamentinin əməkdaşı, Ankara və Tallin universitetlərinin məzunu, İtaliyanın Boloniya Universitetinin magistri Əlibəy Hüseynli azərbaycanlıların Ermənistandan deportasiya olunma tarixinin bütün mərhələlərinə dair geniş təqdimatla çıxış edib. Məruzəçi Qərbi Azərbaycana qayıdış Konsepsiyasının müddəaları və bu istiqamətdəki tarixi zərurətləri diqqətə çatdırıb.
Ə.Hüseynli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında Qərbi Azərbaycan İcması yaradılıb və dövlət başçısının təklifləri əsasında beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq “Qərbi Azərbaycana qayıdış konsepsiyası” sənədi hazırlanıb. O, seminar iştirakçılarına sənədin beynəlxalq hüquqi əsaslarını izah edərək vurğulayıb ki, Azərbaycan tərəfinin ərsəyə gətirdiyi bu sənəd soyqırıma və deportasiyaya məruz qalan digər türk dilli xalqlar üçün də nümunəvi model kimi istifadə oluna bilər.
Layihə çərçivəsində nəzərdə tutulan növbəti fəaliyyətlər digər icmalarda davam etdiriləcək.