İsraildəki qondarma iddialara Bakıdan ağır zərbə - AÇIQLAMA

İsraildəki qondarma iddialara Bakıdan ağır zərbə - AÇIQLAMA
10:20

İsraildə qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində irəli sürülən təşəbbüsün dondurulması rəsmi Bakının son dövrlərdə nümayiş etdirdiyi çevik, təmkinli və hədəfəyönümlü xarici siyasətin daha bir böyük qələbəsidir.

News365.az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev danışıb.


Komitə sədri qeyd edib ki, baş verən bu hadisə Azərbaycanın öz dövlət mənafelərinə zidd olan heç bir addıma qarşı səssiz qalmadığını, geri addım atmadığını və gözləmə mövqeyi seçmədiyini növbəti dəfə sübut etdi: "Bakı belə kritik məqamlarda emosiyalara qapılmaq əvəzinə, prinsipial yanaşma ortaya qoyur və diplomatiyanın bütün rıçaqlarından peşəkarlıqla istifadə edir".

Arzu Nağıyevin sözlərinə görə, İsraildəki bu təxribat xarakterli cəhdin qarşısının alınması deyilənlərin əyani göstəricisidir: “Bu prosesdə mövzu sadəcə Türkiyəni hədəf alan bir addım deyildi. Məsələ birbaşa Azərbaycanın təhlükəsizlik maraqlarına, bölgədəki geosiyasi tarazlığa və Bakı ilə Ankara arasındakı qardaşlıq və strateji müttəfiqlik əlaqələrinə zərbə vurmaq məqsədi daşıyırdı. Ölkəmiz bu təhlükəni vaxtında və düzgün analiz edərək dərhal lazımi addımları atdı”.

Deputat vurğulayıb ki, uydurma “erməni soyqırımı” iddiaları bizim üçün sadəcə keçmişin mövzusu və ya Ankara ilə İrəvan arasındakı problem deyil: “Bu iddialar regionda anti-türk və anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq, dövlətlərimizə təzyiq göstərmək üçün istifadə edilən siyasi alətdir. Türkiyəyə yönələn hər bir təhdid eyni zamanda Azərbaycanın da maraqlarına toxunur. Çünki Bakı və Ankara münasibətləri adi tərəfdaşlıq formatını çoxdan keçib. Bizim birliyimiz regional güc balansı, enerji, nəqliyyat və təhlükəsizlik üzərində formalaşıb.

Məhz bu səbəbdən İsrail parlamentində belə bir məsələnin qaldırılması Bakıda ciddi qarşılandı. Azərbaycan prosesə tamamilə bu prizmadan yanaşdı: söhbət həm qardaş ölkənin haqlı davasına dəstək verməkdən, həm də Azərbaycanın öz geosiyasi maraqlarını və milli təhlükəsizliyini qorumaqdan gedirdi”.


Sizin reklam burada
Sizin reklam burada