Bu gün Gürcüstan parlamenti üç müxalif partiyadan olan deputatların mandatlarının vaxtından əvvəl ləğv edilməsi məsələsini müzakirə edib.
News365.az xəbər verir ki, plenar iclas zamanı 49 deputatın mandatına xitam verilməsinə qərar verilib.
Sözügedən deputatlar “Birlik - Milli Hərəkat”, “Dəyişiklik naminə koalisiya” və “Güclü Gürcüstan” müxalif partiyaları təmsil edib.
Belə ki, həmin partiyalardan seçilən parlamentarilər ötən il oktyabrın 26-da Gürcüstanda baş tutan seçkilərdən sonra parlamentə müraciət edərək deputat mandatlarına vaxtından əvvəl xitam verilməsini tələb etmişdilər. Onlar parlament seçkilərinin saxtalaşdırıldığını iddia edərək bu addımı atmışdılar.
Seçki nəticəsində parlamentdə 12 mandat əldə edən daha bir müxalif “Gürcüstan naminə” partiyası mandatların ləğvi ilə bağlı parlamentə müraciət ünvanlamamışdı. Bununla belə, ölkənin keçmiş Baş naziri Giorgi Qaxariyanın lideri olduğu partiya parlament fəaliyyətində iştirak etmir.
Qeyd edək ki, Gürcüstan parlamentində 150 deputat mandatı mövcuddur. Oktyabrda baş tutan seçkilərdə “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib və sözügedən 150 yerdən 89-unu qazanıb. Müxalif partiyalar - “Dəyişikliklər naminə koalisiya” 11,03% səs toplayaraq 19, “Birlik - Milli Hərəkat” 10,17% səslə 16, “Güclü Gürcüstan” 8,81% səslə 14, “Gürcüstan naminə” partiyası isə 7,78% səslə 12 mandata sahib olub. Bunun ardınca, müxalif deputatlar mandatlarını götürməkdən imtina edərək yeni seçkilərin keçirilməsini tələb ediblər.
Onu da bildirək ki, yeni parlamentin səlahiyyət qazanması üçün qanunverici orqan üzvlərinin tam tərkibinin üçdə ikisinin səlahiyyətlərinin tanınması tələb olunurdu. Qanuna əsasən, parlament seçkilərinin nəticəsini tanımaqdan imtina edən və yeni parlamentdə işləmək niyyətində olmadığını bildirən deputatların da səlahiyyəti tanına bilər. Sözügedən deputatlar isə səlahiyyətləri tanındıqdan sonra müvafiq bəyanat yazaraq mandatlarından imtina edə bilərlər. Müxalif deputatların mandatının ləğv edilib-edilməyəcəyinə isə parlament qərar verir.
Noyabrın 25-də isə Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas keçirilib.