Avropa uzun
illərdir dünyaya demokratiya, insan hüquqları, sosial rifah və siyasi sabitlik
dərsləri verməyə çalışır. Lakin bu gün həmin dəyərlərin mərkəzi hesab olunan
ölkələrdə baş verən hadisələr Avropanın öz daxilindəki problemləri bir daha üzə
çıxarır. Fransada baş qaldıran etirazlar, ardınca Almaniyada tətil və etiraz
aksiyalarının gündəmə gəlməsi Avropanın sosial-iqtisadi modelinin ciddi sınaq
qarşısında olduğunu göstərir.
Dünyanın
müxtəlif regionlarında baş verən hadisələrə dərhal siyasi qiymət verməyə
çalışan Avropa dövlətləri bəzən öz cəmiyyətlərindəki narazılıqların səbəblərini
araşdırmaq əvəzinə, onları inzibati və siyasi vasitələrlə nəzarətdə saxlamağa
üstünlük verirlər. Halbuki demokratiya yalnız başqalarına ünvanlanan tələblərlə
deyil, ilk növbədə ölkə daxilində vətəndaşların sosial hüquqlarına münasibətlə
ölçülür.
Avropanın
sosial böhranı dərinləşir: Fransa nümunəsi Almaniyaya da sirayət edir
Avropanın
iqtisadi lokomotivi hesab edilən Almaniyada baş verən son hadisələr vəziyyətin
nə qədər ciddi olduğunu göstərir. Oktyabrın 31-də Almaniyanın 34 şəhərində, o
cümlədən Berlin, Frankfurt və Münhendə gənclərin kütləvi etiraz aksiyaları
keçirilib. Etirazların əsas səbəbləri təhsil sisteminin maliyyələşdirilməsi,
yaşayış xərclərinin artması və məcburi hərbi xidmətə qarşı narazılıqdır.
Frankfurt şəhərində isə nümayişlərdən sonra mağazaların talan edilməsi və polisə
qarşı zorakılıq halları qeydə alınıb.
Bununla da
kifayətlənməyən Almaniyada noyabrın 1-dən mühəndislik və metal sənayesi sahəsində
çalışan işçilər əməkhaqqı mübahisəsi ilə əlaqədar xəbərdarlıq tətillərinə
başlayıblar. Təxminən 3,7 milyon işçini əhatə edən əmək mübahisəsində həmkarlar
ittifaqları əməkhaqlarının 5 faiz artırılmasını tələb edirlər.
Bütün bunlar
təsadüfi hadisələr deyil. Fransada başlayan və digər Avropa ölkələrinə yayılan
narazılıqlar qitənin sosial-iqtisadi siyasətində yığılıb qalmış problemlərin nəticəsidir.
Avropanın
demokratiya dərsi öz daxilində niyə işləmir?
İllərdir
başqa dövlətlərə demokratiya, insan hüquqları, sosial müdafiə və vətəndaş
rifahı barədə tövsiyələr verən Avropa siyasi elitası indi öz cəmiyyətlərinin
artan narazılığı ilə üz-üzədir. Fransa kimi böyük dövlətin küçələrində baş verən
iğtişaşlar, Almaniyada gənclərin və əmək kollektivlərinin etirazları Avropa
idarəçilik modelinin ciddi suallar doğurduğunu göstərir.
Əlbəttə, hər
bir vətəndaşın etiraz etmək, əmək hüquqlarını müdafiə etmək və hakimiyyətdən
sosial tələblərinin yerinə yetirilməsini istəmək hüququ var. Lakin bu hüquq
zorakılığa, mağazaların talan edilməsinə, ictimai əmlakın dağıdılmasına və
asayişin pozulmasına bəraət qazandırmır. Demokratiya həm hüquqlar, həm də məsuliyyət
deməkdir.
Əsas problem
isə ondadır ki, Avropa hökumətləri və siyasi dairələri cəmiyyətin narazılığını doğuran
fundamental səbəbləri aradan qaldırmaq əvəzinə, çox zaman nəticələrlə mübarizə
aparmağa üstünlük verirlər. İnsanların yaşayış xərcləri artır, gənclərin gələcəyə
inamı azalır, təhsil və sosial xidmətlərə dair narazılıqlar dərinləşir. Eyni
zamanda hərbi xərclərin artırılması və təhlükəsizlik gündəliyinin genişləndirilməsi
cəmiyyət daxilində əlavə mübahisələr yaradır.
Almaniya
Avropanın güzgüsünə çevrilir
Almaniya
uzun müddət Avropa İttifaqının iqtisadi gücünün, intizamının və sabitliyinin əsas
simvollarından biri olub. Bu ölkədə sənaye istehsalının, əmək bazarının və
sosial təminat sisteminin üzləşdiyi çətinliklər artıq təkcə Almaniyanın daxili
məsələsi deyil. Çünki Almaniya iqtisadiyyatında baş verən hər bir ciddi
sarsıntı bütövlükdə Avropa iqtisadi məkanına təsir göstərir.
Bu baxımdan
Fransadan sonra Almaniyada da etirazların genişlənməsi Avropanın siyasi rəhbərliyi
üçün ciddi xəbərdarlıq olmalıdır. Qitənin aparıcı dövlətləri vətəndaşlarının
sosial rifahını təmin etmək əvəzinə, özlərini dünyaya nümunə göstərməklə kifayətlənə
bilməzlər.
Avropa
liderləri anlamalıdırlar ki, demokratiya yalnız seçki keçirmək, siyasi bəyanatlar
səsləndirmək və başqa ölkələrə irad tutmaqdan ibarət deyil. Demokratiyanın əsl
mahiyyəti vətəndaşın təhlükəsiz yaşaması, layiqli əməkhaqqı alması, keyfiyyətli
təhsil və səhiyyə xidmətlərindən yararlanması, gələcəyinə ümidlə baxmasıdır.
Bu gün
Avropa küçələrində səslənən etirazlar məhz həmin problemlərin həllini tələb
edir.
Nəticə
etibarilə, Fransa və Almaniyada baş verənlər Avropanın öz siyasi ritorikası ilə
real ictimai vəziyyət arasında yaranmış uçurumu nümayiş etdirir. Başqalarına
demokratiya dərsi keçmək asandır, amma həmin demokratiyanın vətəndaşların gündəlik
həyatında real təminatını yaratmaq daha çətin məsələdir.
Avropa öz
problemlərini görmək, etiraf etmək və həll etmək əvəzinə, yenə də dünyaya nümunə
olmaq iddiasını davam etdirəcəksə, bu etirazların coğrafiyasının genişlənməsi
heç də təəccüblü olmayacaq. Çünki sosial narazılıq inzibati qərarlarla
susdurula bilər, amma onun səbəbləri aradan qaldırılmayınca cəmiyyətdəki
narahatlıq bitməyəcək.
Avropa üçün ən
böyük təhlükə küçələrdəki etirazlar deyil, həmin etirazları doğuran problemləri
görmək istəməyən siyasi düşüncə tərzidir.
News365.az