Kredit götürdükdən sonra işini itirən və borcunu ödəməkdə çətinlik çəkən vətəndaşlar üçün yeni mexanizmin tətbiqi gözlənilir. Azərbaycanda kreditlərin işsizlik riskindən sığortalanması ilə bağlı qaydalar hazırlanıb. Yeni sistem qüvvəyə minərsə, müəyyən hallarda işsiz qalan şəxslərin kredit öhdəliklərinin tam və ya bir hissəsi sığorta şirkətləri tərəfindən qarşılanacaq.
News365.az xəbər verir ki, deputat Vüqar Bayramov məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Deputatın sözlərinə görə, Mərkəzi Bank tərəfindən kredit risklərinin sığortalanması ilə bağlı hazırlanan qaydaların yaxın vaxtlarda tətbiqi nəzərdə tutulur.
O bildirib ki, indiyədək borcalanların həyatını, ölümünü və əmək qabiliyyətini itirməsi hallarını əhatə edən sığorta mexanizmləri mövcud olsa da, yeni qaydalar işsizlik riskini də əhatə edəcək.
“Bəzi hallarda vətəndaşlar kredit götürür, lakin sonradan özlərindən asılı olmayan səbəblərdən borclarını ödəməkdə çətinlik çəkirlər. İş yeri bağlanır, əmək müqaviləsinə xitam verilir və ya digər gözlənilməz hallar baş verir. Kredit risklərinin sığortalanması belə vəziyyətlərdə öhdəliyin sığorta şirkəti tərəfindən qarşılanmasına imkan yaradacaq. Bu mexanizm həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq”, – Vüqar Bayramov qeyd edib.
Deputatın açıqlamasına əsasən, yeni sığorta mexanizmi qüvvədə olan əmək müqaviləsi ilə çalışan şəxslərə şamil ediləcək. Sığorta şərtlərinin “İşsizlikdən sığorta haqqında” Qanunun tələblərinə uyğunlaşdırılması gözlənilir.
V.Bayramov bildirib ki, banklardan kredit götürən şəxslərə işsizlikdən sığorta xidmətinin məcburi qaydada təklif edilməsi planlaşdırılır. İstehlak krediti götürənlər üçün isə bu xidmət könüllü olacaq. Yəni müştəri sığortadan istifadə edib-etməmək barədə özü qərar verə biləcək.
Sığorta ödənişinin hansı hallarda həyata keçiriləcəyinə də toxunan deputat bildirib ki, iş yerinin ləğvi, ştatların ixtisarı, əmək müqaviləsinin müddətinin başa çatması, müəssisənin mülkiyyətçisinin dəyişməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi nəzərdə tutulan sığorta hadisələri sırasındadır.
Onun sözlərinə görə, sığorta hadisəsi baş verdikdə kredit borcunun tam və ya qismən ödənilməsi mümkün olacaq.
Deputat yeni mexanizmin vətəndaşlara əlavə maliyyə yükü yaratmaması üçün bankların kredit faizlərini aşağı salmasının vacibliyini də vurğulayıb.
“Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi nəticəsində kredit xərclərində yaranan artımı kompensasiya edə bilərlər. Beləliklə, kredit götürən üçün ciddi əlavə xərc yaratmadan bu mexanizmi tətbiq etmək mümkündür.
Mərkəzi Bankın son açıqlamaları da göstərir ki, bu sığorta növü tətbiq edilərkən banklar kredit faizlərinin azaldılmasına gedəcəklər. Çünki kredit risklərinin sığortalanması bankların birbaşa və dolayı xərclərini azaldır. Yəni işsizlikdən sığorta tətbiq olunan kreditlərin faiz dərəcələri adi kreditlərlə müqayisədə daha aşağı ola bilər. Bu da vətəndaşların həmin xidmətdən istifadəsinə marağı artıracaq”, – deyə V.Bayramov fikirlərini yekunlaşdırıb.
News365.az