İran internet kabellərini vura bilər: Təhlükə böyüyür!

İran internet kabellərini vura bilər: Təhlükə böyüyür!
09:30

İranın mümkün müharibə ssenarisində sualtı internet kabellərini, məlumat mərkəzlərini və süni intellekt obyektlərini hədəfə ala biləcəyi ilə bağlı açıqlamalar diqqət çəkir. Belə bir addımın xüsusilə Yaxın Şərq ölkələrinin rəqəmsal infrastrukturuna ciddi təsir göstərə biləcəyi bildirilir.

News365.az xəbər verir ki, politoloq Turan Rzayev bu barədə açıqlamasında bildirib.


Politoloqun sözlərinə görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoymaq təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını açıqlayıb. Rəzayi müharibə baş verəcəyi təqdirdə kabel xətlərinin, məlumat mərkəzlərinin və süni intellekt obyektlərinin hədəfə çevrilə biləcəyini deyib.

Turan Rzayev hesab edir ki, İranın sualtı internet kabellərinə mümkün zərbə ilə bağlı təhdidlərinin əsas məqsədi qlobal interneti tamamilə sıradan çıxarmaqdan daha çox, regionun rəqəmsal əlaqələrinə zərbə vurmaq və beynəlxalq təzyiq yaratmaq ola bilər.

O bildirib ki, bu baxımdan iki əsas istiqamət diqqət çəkir: Hörmüz boğazı və Qırmızı dəniz.

Politoloqun fikrincə, Hörmüz boğazından keçən sualtı kabellərin zədələnməsi Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının bəzi hissələrində internetin sürətinə, bank əməliyyatlarına, məlumat mərkəzlərinin və bulud xidmətlərinin fəaliyyətinə ciddi təsir göstərə bilər.

Bununla belə, Rzayev qeyd edib ki, Hörmüz boğazından keçən kabellər qlobal beynəlxalq internet tutumunun 1 faizindən azını təşkil edir. Buna görə də yalnız bu ərazidəki xətlərin sıradan çıxması dünya internetinin tamamilə çökməsinə səbəb olmaz.

Politoloq daha genişmiqyaslı riskin Qırmızı dənizdə yarana biləcəyini düşünür.

Onun sözlərinə görə, Qırmızı dəniz və Yəmən sahillərindəki Babül-Məndəb boğazı Avropa ilə Asiyanı birləşdirən əsas rəqəmsal marşrutlardan biridir. Bu ərazidə bir neçə sualtı kabelin eyni vaxtda zədələnməsi Avropa, Yaxın Şərq və Asiya arasında məlumat ötürülməsini çətinləşdirə, internet bağlantısında gecikmələrə və bəzi xidmətlərdə fasilələrə səbəb ola bilər.

Turan Rzayev hesab edir ki, mümkün hücum ssenarilərində Babül-Məndəb istiqaməti xüsusi diqqətdə saxlanılmalıdır. O, husilərin həmin ərazidə aktivliyinin bu istiqamətdəki riskləri artırdığını vurğulayıb.

Politoloq diqqətə çatdırıb ki, belə bir vəziyyətdə əsas problemlərdən biri zədələnmiş kabellərin bərpası olacaq. Hərbi münaqişə şəraitində təmir gəmilərinin əraziyə daxil olması çətinləşə bilər. Bu isə bank sistemlərindən beynəlxalq ticarətə, rəqəmsal platformalardan süni intellekt və bulud xidmətlərinə qədər bir çox sahədə əlavə problemlər yarada bilər.

Onun sözlərinə görə, alternativ internet marşrutlarının mövcudluğu əlaqələrin tamamilə kəsilməsinin qarşısını ala bilər. Lakin bu xətlər yaranan yükü dərhal qarşılamağa kifayət etməyə bilər.

Turan Rzayevin qənaətinə görə, İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması ilk növbədə Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər. Qırmızı dənizdə də eyni vaxtda genişmiqyaslı pozuntular baş verərsə, təsirlər daha geniş coğrafiyaya yayıla bilər.

Politoloq vurğulayıb ki, belə bir ssenari qlobal internetin tamamilə dayanması demək deyil. Əsas risk internet bağlantısının zəifləməsi, rəqəmsal xidmətlərdə fasilələrin yaranması və zədələnmiş infrastrukturun bərpasının uzanmasıdır.


Sizin reklam burada
Sizin reklam burada