Təlimlərdə dronların zədələnməsinə görə kim məsuliyyət daşıyır? - Açıqlama

Təlimlərdə dronların zədələnməsinə görə kim məsuliyyət daşıyır? - Açıqlama
09:47

Hərbi təlimlər zamanı istifadə olunan dronların zədələnməsi və ya yararsız vəziyyətə düşməsi hallarında maddi məsuliyyətin kimə aid olması məsələsi maraq doğurur. Belə hallarda zərərin dövlət tərəfindən qarşılanması, yoxsa məsul şəxslərin üzərinə düşməsi müzakirə olunur.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov News365.az-a müsahibəsində bildirib ki, təlimlər zamanı dronların zədələnməsi mümkündür. Lakin bu, hər bir halda məsul şəxslərin məsuliyyətdən azad olunması demək deyil.


Ekspertin sözlərinə görə, dronun zədələnməsi və ya yararsız vəziyyətə düşməsi qəsdən törədildikdə, komandanlığın göstərişi ilə daxili araşdırma aparılır və günahkar şəxslər cəzalandırılır.

“Əgər buna cavabdeh olan şəxs səhlənkarlıq nəticəsində və ya öz vəzifə borclarına məsuliyyətsiz yanaşması səbəbindən dronu zədələyərsə, yaxud yararsız vəziyyətə salarsa, əlbəttə ki, onun məsuliyyəti həmin dronu idarə edən operatorun və ya növbə rəisinin üzərinə düşür”, – deyə Üzeyir Cəfərov qeyd edib.

O vurğulayıb ki, dronun zədələnməsi ilə bağlı hər bir hadisə araşdırılmalı və məsuliyyət məsələsi hüquqi müstəvidə həllini tapmalıdır.

“Əgər burada inzibati məsuliyyət varsa, inzibati qaydada tədbir görülür. Yox, əgər dronun zədələnməsi və ya yararsız vəziyyətə düşməsi dövlətin müdafiə və təhlükəsizliyinə ziyan vurursa, artıq cinayət məsuliyyəti yaranır və şəxslər barəsində hüquqi müstəvidə araşdırma aparılır”, – deyə ekspert bildirib.

Ü. Cəfərovun sözlərinə görə, zərərin ödənilməsi mümkün olduqda, məsul şəxslərin əməkhaqqından müəyyən məbləğ tutulması da nəzərdə tutula bilər.

“Əgər bunu hansısa formada ödəmək mümkündürsə, dron operatorunun, növbə rəisinin və ya təlimlər zamanı dronların idarə olunmasına cavabdeh olan şəxslərin vəzifə maaşından müəyyən faiz tutulur və dövlət nəfinə ödənilir. Dövlət bu məsuliyyəti tam şəkildə özü daşıya bilməz. Çünki dövlət dronları təlimlər üçün təqdim edirsə, bu o deməkdir ki, təlimlər zamanı onlardan təyinatı üzrə, düzgün istifadə olunmalıdır”, – deyə o bildirib.

Hərbi ekspert məsuliyyət məsələsini avtomobillə bağlı nümunə əsasında da izah edib. Onun sözlərinə görə, avtomobil şəxsin istifadəsinə verildikdə, o, nəqliyyat vasitəsindən düzgün istifadə etməli və ona lazımi qaydada qulluq göstərməlidir.

“Əgər sənə avtomobil təhkim olunubsa və ondan düzgün istifadə edirsənsə, hər hansı problem yaranmır. Yox, əgər səhlənkarlıq edirsənsə, mühərrikdə problem yarana bilər və ya avtomobilin hansısa detalı sıradan çıxa bilər. Bunun da məsuliyyəti həmin avtomobilin təhkim olunduğu şəxsin üzərinə düşür”, – deyə Ü. Cəfərov vurğulayıb.

Ekspert əlavə edib ki, hərbi təlimlərdə dronlardan istifadə, onların qorunması və texniki qulluğu ilə bağlı müəyyən qaydalar mövcuddur.

“Dron təlim zamanı necə hazırlanmalıdır, necə qorunmalıdır, necə istifadə olunmalıdır, ona texniki qulluq necə həyata keçirilməlidir – bütün bunlar qaydalarla tənzimlənir. Dron o demək deyil ki, onu istifadə etdim, hara gəldi atdım və ya istənilən yerdə saxladım. Belə bir şey yoxdur. Bu məsələlər müvafiq komandirlərin və onların müavinlərinin verdiyi təlimatlar və imzaladığı əmrlər əsasında tənzimlənir”, – deyə hərbi ekspert bildirib.

Ü. Cəfərovun sözlərinə görə, təlimlər zamanı dronların idarə olunmasına cavabdeh olan şəxslər maddi məsuliyyət daşıyırlar və mövcud qaydalara əməl etməlidirlər.


Sizin reklam burada
Sizin reklam burada