Elçin Ağamalı Ana Vətən Partiyasının (AVP) sədri seçilməsi barədə dezinformasiya yayır.
News365.az xəbər verir ki, bunu Günay Ağamalı bildirib.
Günay Ağamalı deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb: “Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcək”.
***
Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.
News365.az xəbər verir ki, Qurultayda Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb.
Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib.
Faktı Elçin Ağamalı da Demokrat.az-a təsdiq edib:
“Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”.

