Prezident İlham Əliyev: “Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir”
2025-ci ilin 8 noyabr tarixində Azərbaycan
Zəfər Gününün beşinci ildönümünü qeyd etdi. Bu tarixi mərasimdə Slovakiyanın
yüksək səviyyədə təmsil olunması — Baş nazirin müavini və müdafiə nazirinin
Bakıya səfər etməsi — iki ölkə arasındakı dostluğun rəmzi hesab olunur. Bu jest
bir neçə mesaj Verdi. Slovakiya Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə
dəstəyini nümayiş etdirdi. İki ölkə arasındakı siyasi etimadın səviyyəsi daha
da möhkəmləndi. Müdafiə sənayesi əməkdaşlığına siyasi dəstək verildiyi açıq şəkildə
göstərildi. Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri
zamanı mətbuata verdiyi bəyanatda dediyi kimi bu, Azərbaycanda xüsusi
məmnuniyyət doğurdu və Slovakiya dövlətinə dərin minnətdarlıqla qarşılandı.
Azərbaycan–Slovakiya
münasibətləri son illər ardıcıl şəkildə dərinləşir və təkcə iqtisadi, enerji və
müdafiə sahələrini deyil, həm də siyasi dialoq müstəvisini əhatə edir.
Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı səsləndirdiyi fikirlər iki
ölkə arasında qarşılıqlı hörmətin və strateji etimadın yüksək səviyyədə
olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev çıxışında Slovakiyanın
müasir inkişaf trayektoriyasını yüksək qiymətləndirdi: “Slovakiyanın uğurlu
inkişafı bizi çox məmnun edir. Ölkənizdə sabitlik, iqtisadi inkişaf hökm
sürür”. Bu qiymətləndirmə təsadüfi deyil. Slovakiya son illər sənaye
istehsalını artıran, texnoloji modernləşməyə geniş yer verən, Avropanın mühüm
istehsal mərkəzlərindən birinə çevrilən, makroiqtisadi sabitliyi qoruyan bir
dövlət kimi beynəlxalq aləmdə ciddi etibar qazanıb. Xüsusən avtomobil sənayesi,
elektrotexnika, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində uğurlar
Slovakiyanı Mərkəzi Avropanın aparıcı iqtisadi güclərindən birinə çevirib.
Azərbaycan isə sənaye modernizasiyası və diversifikasiya siyasəti çərçivəsində
Slovakiya təcrübəsini dəyərli nümunə kimi qiymətləndirir.
Dövlət
başçısının vurğuladığı kimi, Slovakiya “çox güclü sənaye potensialına
malikdir”. Bu potensial Azərbaycan–Slovakiya əməkdaşlığında çoxşaxəli
perspektivlər açır: müdafiə sənayesi məhsullarının birgə istehsalı, yüksək
texnologiyaların Azərbaycana transferi, müasir mühəndislik həllərinin birgə
hazırlanması, sənaye mütəxəssislərinin təlimi və təcrübə mübadiləsi.
Azərbaycanın geniş maliyyə imkanları və sənaye infrastrukturu Slovakiyanın
texnoloji gücü ilə kəsişəndə hər iki ölkə üçün qlobal bazarlara çıxış imkanı
yaranır. Bu sinerji artıq dövlət başçıları tərəfindən strateji əməkdaşlıq xətti
kimi müəyyənləşdirilib.
Prezident
İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Slovakiyanın öz
mövqeyini müstəqil şəkildə formalaşdırmasıdır: “Slovakiya müstəqil xarici
siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz.
Ancaq bu, Sizi yolunuzdan döndərmir”. Bu sözlər Slovakiyanın siyasi kursuna
Azərbaycanın yüksək qiymət verməsinin bariz nümunəsidir. Slovakiya beynəlxalq
məsələlərdə prinsipial mövqe sərgiləyən, təzyiqlərə baxmayaraq öz qərarlarını
müstəqil verən, regionumuzda real balanslaşdırılmış siyasəti ilə hörmət qazanan
bir dövlət kimi qəbul edilir. Məhz bu müstəqil xarici siyasət xətti Slovakiya
rəhbərliyinə Azərbaycan cəmiyyətində və siyasi elitasında rəğbət və hörmət
qazandırır.
Azərbaycan
Prezidenti İlham Əliyevin Slovakiya barədə səsləndirdiyi fikirlər iki ölkə
münasibətlərinin mahiyyətini dəqiq ifadə edir: qarşılıqlı hörmət, siyasi
etimad, müstəqil qərarların dəstəklənməsi, iqtisadi və sənaye tərəfdaşlığına
açıq perspektivlər. Azərbaycan və Slovakiya arasında formalaşan münasibət
yalnız ikitərəfli əməkdaşlıq deyil, eyni zamanda müstəqil və balanslaşdırılmış
xarici siyasətə əsaslanan modern diplomatiyanın uğurlu nümunəsidir.
Azərbaycan
və Slovakiya arasında genişlənən əməkdaşlıq xəttində enerji, sənaye və müdafiə
sahələri ilə yanaşı, nəqliyyat və bağlantılar sektoru da xüsusi əhəmiyyət
daşıyır. Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı səsləndirdiyi
fikirlər göstərdi ki, gələcək illər üçün bu sahə tərəflərin strateji
gündəliyində ön sıralarda dayanacaq. Regional və qlobal nəqliyyat
marşrutlarının kəsişdiyi bir zamanda Azərbaycan öz imkanlarını artırmağı
hədəfləyir və bu prosesdə Slovakiya ilə əməkdaşlığı mühüm perspektiv kimi
dəyərləndirir.
Prezident
İlham Əliyevin sözlərinə görə: “Gələcək illərdə bağlantılar və nəqliyyat
sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik.” Bu
bəyanat Azərbaycanın uzunmüddətli nəqliyyat siyasətinin bir hissəsidir və iki
əsas məqsədə xidmət edir. Azərbaycan son illərdə Şərq–Qərb və Şimal–Cənub
nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib. Liman, dəmir
yolu, avtomobil yolu və hava nəqliyyatı infrastrukturlarının modernləşdirilməsi
ölkənin logistika potensialını xeyli artırıb. Nəqliyyat infrastrukturuna
qoyulan yeni investisiyalar Slovakiya kimi Avropa dövlətləri ilə yükdaşımaları,
logistika və tranzit marşrutlarında yeni imkanlar yaradır. Bu isə həm regional,
həm də Avropa bazarlarının bir-birinə daha sıx inteqrasiyasına şərait yaradır.
Prezident
İlham Əliyevin mesajı açıqdır: nəqliyyat və bağlantılar sahəsi
Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında vacib istiqamətlərdən biri
olacaq. Azərbaycan bu sahəyə böyük investisiya qoymağa davam edir və bu
prosesdə Slovakiya ilə tərəfdaşlıq iki ölkə arasındakı strateji xətti daha da
gücləndirəcək. Geniş logistik imkanlar, müasir infrastruktur və strateji
coğrafi mövqe Azərbaycanı Avrasiyada mühüm nəqliyyat qovşağına çevirir,
Slovakiya isə bu marşrutların Avropada təbii tərəfdaşlarından biri olmaq
potensialına malikdir.
Azərbaycan və Slovakiya hökumətləri artıq
bütün istiqamətlər üzrə zəruri təlimatlar alıblar. Bu isə qarşıdakı illərdə
münasibətlərin dərinləşəcəyini göstərir. Gözlənilən sahələr bunlardır: müdafiə
sənayesi məhsullarının birgə istehsalı, texnologiya transferi və AR-GE
layihələri, hərbi-texniki təlim proqramları və təcrübə mübadiləsi, sənaye
müəssisələrinin modernləşdirilməsi və Avropa standartlarına uyğun yeni istehsal
xətlərinin Bakıda qurulması. Bu əməkdaşlıq yalnız hərbi sahə ilə məhdudlaşmır —
həm Slovakiya, həm də Azərbaycan üçün yüksək texnologiyalar sektorunda yeni
imkanlar açır.
Səyavuş Qasımov,
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent