İnsan sivilizasiyası cahil alimlərin əlində yüksəlib və dağılıb. Tarixi diqqətlə araşdıranda görürük ki, ən böyük imperiyaları çökdürənlər savadsız kütlələr yox, bilik sahibi olub o biliyin məsuliyyətini daşıya bilməyənlərdir. Qədim Misir kahinləri ulduzların hərəkətini bilirdi, təqvim qurmuşdu, riyazi biliklərə sahib idi. Amma fürsəti ələ keçirəndə bu elmi xalqı idarə etməyə, manipulyasiya etməyə yönəltdilər.
Onlar alim idi amma cahil
idilər, çünki elm onları Allaha yox, gücə yaxınlaşdırdı. Sokrat deyirdi: “Bilik fəzilətdir.” Ancaq onun dövründəki çox filosoflar elminə uyğun yaşamırdı. Onlar əxlaqı təbliğ edir, öz həyatlarında isə tam əksini yaşayırdılar. Quran məntiqi ilə bu insanların adını “cahil alim” qoyardılar. İbn Xəldun yazır ki, geriləmənin əsas səbəbi “zəkalı cahillər”dir yəni dövlətin içində oturub biliyindən özünə və nəfsinə xidmət edən insanlar. Sıravi cahillər yox, mənəviyyatsız alimlər sivilizasiyanı çökdürür. Bütün bunlar bir həqiqətə işarə edir. Tarixdə ən təhlükəli insan tipi cahil kütlə deyil, cahil alimdir. Quran cahilliyi biliksizlik kimi yox, daxili korluq kimi tanıdır. Quranın dilində cahillik (cəhl) intellektual boşluq deyil mənəvi dərinlik itkisidir. İblis mələklərdən daha çox ibadət etmiş, yüz min illərlə elmlə məşğul olmuşdu. O, göylərin və yerin sirrindən agah idi. Amma nə oldu? Bir imtahanda nəfsi onun qarşısına çıxdı və o bildiyi gerçəyi tərk etdi.
O, alim idi — çünki həqiqəti bilirdi.
O, cahil idi — çünki həqiqətə əməl etmədi.
İblisin hekayəsi Quranın ən böyük psixoloji dərsidir: Elm insanı qaldırmır, əməl qaldırır.
Bəni-İsrail nümunəsi bilib əməl etməmək çöküş gətirir. Onlar Tövratı bilən xalq idi. Peyğəmbərlər göndərilmişdi. İlahi bilik onlara verildi. Lakin bilik məsuliyyət qurmağın əvəzinə, özlərini üstün saymağa xidmət etdi. Nəticədə bildikləri gerçəyə əməl etmədikləri üçün onların içində böyük çöküş baş verdi. “Əgər bilib əməl etməsəniz, bilik əleyhinizə çevrilər”. Dini mənbələrdə buyurulur: “Həqiqəti bilib əməl etməyən, həqiqəti bilməyənlə eyni deyil daha məsuliyyətlidir.” Bu məntiqə görə, cahillik Allahın insanda yaratdığı nuru söndürməkdir.
İnsan niyə bildiyi halda yanlış edir?
İnsanın daxili təbiəti ziddiyyətlidir. Quran bu ziddiyyəti “nəfs və ruh” qarşıdurması kimi təsvir edir. Fəlsəfə isə bunu müxtəlif dillərlə izah edir: Platon deyirdi ki, insan ruhu iki atın çəkdiyi bir arabaya bənzəyir:
Ağ at — ağıl, fəzilətyönlü tərəf.
Qara at — nəfs, impulslar, duyğular.
Sürücü — insanın özüdür.
Bir insan alim ola bilər yəni arabada ağıllı bir sürücü oturur. Amma nəfs güclü olanda, heç bir elm insanı xilas etmir. O sürücü arabaya hakim ola bilməzsə, arabani uçuruma sürükləyir. Hegel düşüncəyə bir düstur əlavə etdi: Bir şeyi bilmək onunla eyni olmaq deyil. İnsan xeyiri bilə bilər, amma onu yaşamırsa, xeyirə çevrilmir. Quran məntiqində “elmsiz alim” dediyimiz tip məhz budur: Bilik var, dəyişiklik yoxdur. İnsanın bildiyi halda yanlış etməsinin səbəbi cəsarətsizlikdir. Həqiqət adamdan dönüş tələb edir rahat zonanı dağıdır, nəfsi yaralayır. İnsan isə içindəki “köhnə mən”dən yapışır. Bu psixoloji qorxaqlıqdır. Cahillik məhz bu qorxaqlığın fəlsəfi adıdır. İnsan bir deyil çində onlarla “mən” var Müasir psixologiya (Freud, Jung, Kahneman) insan şüurunun parçalı quruluşu olduğunu sübut edir. Freuda görə insan hər gün üç qüvvə arasında qalır:
İd — nəfs, heyvani istəklər.
Ego — şəxsiyyət.
Superego — vicdan, əxlaq.
İnsanın bir şeyi bilməsi, superego səsindədir.
Amma id çox vaxt daha güclü olur. Beləliklə insan bildiyi həqiqətə əməl etmir çünki psixoloji baxımdan arzular bilikdən güclüdür. İnsan bir şeyi bilib əksini etdikdə psixoloji gərginlik yaranır. Bu gərginliyi azaltmaq üçün insan özünə yalan danışır: “Hələlik vaxtı deyil.”, “Mən pis deyiləm, sadəcə hamı belə edir.”, “Onsuz da çox vacib deyil.” Beləcə insan biliklə davranış arasındakı uçurumu özünüaldatma ilə örtür. Bu cahilliyin psixoloji mexanizmidir. Jung deyirdi: İnsanın içində bir “kölgə” var gizli vərdişlər, instinktlər, eqo, qaranlıq tərəf.
Alim olmaq — şüurun işıqlanmasıdır.
Cahil olmaq — kölgənin şüuru ələ keçirməsidir.
Bir insan həm alim, həm cahil ola bilər, çünki: İşıq kölgəni məhv etmir sadəcə ona üstün gəlmək üçün mübarizə aparır.
Cahillik insanın öz nurunu itirməsidir. Quranın dərin məntiqində elm üç mərhələdən ibarətdir:
1. Elm-ül-yəqin — bilik.
2. Eyn-ül-yəqin — görmə, dərk.
3. Haqq-ül-yəqin — yaşama.
Bir insan birincidə qala bilər kitab oxuyar, anlayar, öyrənər. Amma o bilik davranışa çevrilmirsə, bu insan “alim” adını daşısa belə, mahiyyətcə “cahil”dir. Cahillik biliksizlik deyil, şüurun çirklənməsidir. Alimlik informasiyanın çoxluğu deyil, qəlbin təmizlənməsidir.
İnsanın içində iki səs var:
Alimin səsi — ağıl, vicdan, nur
Cahilin səsi — nəfs, impuls, qorxu
Həyat bu iki səsin savaşından ibarətdir. Bir insan ömrünün bir anında alim ola bilər, növbəti anında cahil. Bu zəiflik yox insan olmağın ən dərin həqiqətidir. Quranın mesajı isə budur: Cahillik, başın boş olması deyil qəlbin yalanı seçməsidir. Alimlik isə kitab bilmək deyil həqiqət olmaqdır.
Həsən Nağıyev