Yay transfer dönəmində heyətini mühüm futbolçularla gücləndirən “Fenerbahçe”də legioner sayının artması səbəbindən üç futbolçu ilə yolların ayrılması gözlənilir.
News365.az xəbər verir ki, klub Dominik Livakoviç, Oqnen Mimoviç və Rodrigo Bekao ilə yolları ayırmağa hazırlaşır.
Xorvatiyalı qapıçı Livakoviç üçün təxminən 4 milyon avro transfer haqqı tələb olunur. Sağ cinah müdafiəçisi Oqnen Mimoviçin isə yenidən icarəyə göndərilməsi planlaşdırılır.
Rodrigo Bekao ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi ilə bağlı danışıqların davam etdiyi bildirilir.
Digər tərəfdən, Fransa və İngiltərədən təkliflər alan İsmayıl Yüksəklə bağlı “Fenerbahçe” rəhbərliyi qərarını verib. Klub 27 yaşlı yarımmüdafiəçini satmamaq niyyətindədir.
İsmayıl Kartalın da futbolçunun komandadan ayrılmasına müsbət yanaşmadığı və mümkün transferin qarşısını aldığı qeyd olunur. Klub prezidenti Əziz Yıldırımın da İsmayıl Yüksəkin satılmasını veto etdiyi və gələn təklifləri geri çevirdiyi bildirilir.
Beləliklə, İsmayıl Yüksək yeni mövsümdə də “Fenerbahçe”nin heyətində çıxış edəcək.