Bakıda daşınmaz əmlak bazarında qiymət artımı davam edir. Mənzil, torpaq və tikinti xərclərinin bahalaşması bazarda yeni qiymət dalğasının formalaşmasına səbəb olur. Ekspertlər 2027-ci ildə də artımın davam edəcəyini bildirirlər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc mövzu ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, 2026-cı ildə daşınmaz əmlakın qiymətində artım əvvəlki illərlə müqayisədə daha mülayim olsa da, tendensiya dəyişməyib.
Onun sözlərinə görə, daşınmaz əmlak hələ də həm əhali, həm də sahibkarlar üçün əsas investisiya istiqamətlərindən biri olaraq qalır. Sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin əmlaka yönəldilməsi bazarda qiymətlərin yüksəlməsinə təsir edən amillərdəndir.
Vüqar Oruc qeyd edib ki, 2021-ci illə müqayisədə 2026-cı ildə daşınmaz əmlakın qiymətində ümumilikdə 80-85 faiz artım müşahidə olunub. Bununla belə, artım ərazidən, mənzilin yerləşdiyi binadan və təmir vəziyyətindən asılı olaraq dəyişir.
İqtisadçı hesab edir ki, qiymət artımı ilin sonuna qədər və 2027-ci ildə də davam edəcək. Lakin gələn il bazarda daha seçici və planlı bahalaşmanın müşahidə olunacağı gözlənilir.
Ekspertin fikrincə, xüsusilə Bakı şəhərinin Baş Planı-2040 çərçivəsində həyata keçiriləcək layihələr daşınmaz əmlak bazarına təsir göstərəcək:
“Ayrı-ayrı komplekslərin tikintisi və digər layihələr həyata keçirilərkən qiymət artımının müəyyən ərazilərdə baş verəcəyini görmək olar. Həmin qiymət artımı avtomatik olaraq yanaşı ərazilərə də təsir göstərəcək. Gələn il 2026-cı ilə nisbətən daha stabil və planlı artımın olacağını düşünürəm. Nə qədər ki, Bakı şəhərinin Baş Planı yekunlaşmayıb, söküntülər və mənzil bazarının yenilənməsi davam edir, qiymət artımı qaçılmazdır”.
Vüqar Oruc tikinti xərclərinin yüksəlməsinin də mənzil qiymətlərinə təsir etdiyini vurğulayıb. O bildirib ki, tikinti üzrə normativlərin sərtləşdirilməsi, inşaat materiallarının və işçi qüvvəsinin bahalaşması yeni binalarda mənzillərin maya dəyərini artırır.
İqtisadçının sözlərinə görə, ötən illə müqayisədə köhnə tikililərdə qiymətlər təxminən 9-10 faiz, yeni tikililərdə 12-13 faiz artıb. Torpaq sahələrində isə bahalaşma 15-17 faiz təşkil edib.
“Ən çox bahalaşan məhz torpaq sahələridir. Bu il kirayə qiymətlərində də spesifik artım oldu. Buna səbəb təklifin gözlənilən səviyyədə olmamasıdır”, - deyə Vüqar Oruc bildirib.