Ermənistanda qarşıdan gələn seçkilər fonunda daxili siyasi gərginlik getdikcə artmaqdadır. Hakimiyyət və müxalifət arasında dərinləşən qarşıdurma, eləcə də proseslərə xarici qüvvələrin mümkün təsiri ölkədə sabitliyin yaxın müddətdə bərpa olunacağını sual altına alır.
Mövcud vəziyyət və gözləntilərlə bağlı politoloq Oqtay Qasımov News365.az-a açıqlama verib.

Onun sözlərinə görə, hazırda Ermənistanda siyasi qüvvələr arasında gərginlik yüksək səviyyədədir və tərəflər bir-birinə qarşı kəskin mövqe sərgiləyirlər. Politoloq qeyd edib ki, seçkiyə qədər bu qarşıdurmanın daha da dərinləşəcəyi ehtimal olunur və prosesin hansısa məhdudiyyətlərlə cilovlanması müşahidə edilmir.
Oqtay Qasımov bildirib ki, Ermənistan daxilindəki siyasi qüvvələrin hər biri öz mövqelərini möhkəmləndirmək üçün xarici dəstəyə arxalanmağa çalışır. Onun fikrincə, Ermənistanın Avropa İttifaqına müraciətləri də məhz bu kontekstdə dəyərləndirilməlidir. Politoloq vurğulayıb ki, Avropa İttifaqının seçkilərə mümkün müdaxilə ilə bağlı narahatlıqları əsassız deyil və Rusiyanın bu prosesə təsir göstərmək cəhdləri ehtimal olunur.
Qasımov xatırladıb ki, bu cür müdaxilələr Moldovada, Gürcüstanda və digər keçmiş postsovet ölkələrində də müşahidə olunub. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdə müxalifətə qarşı daha sərt mövqe tutması da bu təhlükələrdən qaynaqlanır.
Politoloq əlavə edib ki, Ermənistan müxalifəti tez-tez qanunazidd addımlara yol verir. Onun sözlərinə görə, bu davranışlar arasında dövlət qurumlarına hücumlar, dağıntılar, zorakılıq halları, eləcə də dövlət nümayəndələrinə qarşı təhqir və fiziki təzyiqlər yer alır. Oqtay Qasımov hesab edir ki, mövcud gərginlik ölkədə siyasi böhranın daha da dərinləşməsinə səbəb ola bilər.